📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Rusiyanın vasitəçiliyi heç zaman Azərbaycanın xeyrinə olmayıb" - ELXAN ŞAHİNOĞLU

2023-03-30 10:46:00

"Kreml "vasitəçi" olaraq Tehranı gərəkən addımları atmağa məcbur etməyəcək, əksinə İranla əlbir olub Azərbaycana qarşı təzyiqi artıracaq"

"Rusiya İranla Azərbaycan arasında vasitəçi ola bilərmi? Bu sual Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iranlı həmkarı Hüseyn Əmir Abdullahianla Moskvada birgə keçirdiyi mətbuat konfransından sonra aktuallaşıb. Birincisi, Lavrov Bakı-Tehran münasibətlərindəki gərginliyin müvəqqəti xarakter daşıyacağına ümid etdiyini bildirib. İkincisi, Lavrov İranla Azərbaycan arasında gərginliyin azalması üçün vasitəçi ola biləcəyinə eyham vurub. Kreml necə ki, Azərbaycanla Ermənistan arasında "vasitəçilik" edir, eynisini Azərbaycanla İran üçün təklif edir". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzini rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

"Atlas" Araşdırmalar Mərkəzini rəhbərinin sözlərinə görə, Rusiyanın vasitəçiliyi heç zaman Azərbaycanın xeyrinə olmayıb: "Azərbaycanla İran arasında vasitəçiyə ehtiyac yoxdur. İran Azərbaycana qarşı təxribatlarını dayandırsın, səfirliyimizə edilən hücumu araşdırmağa başlasın və bu haqda Bakını məlumatlandırsın, bu halda gərginlik azalar. Ancaq Tehran bunların heç birini etmir. Kreml "vasitəçi" olaraq Tehranı gərəkən addımları atmağa məcbur etməyəcək, əksinə İranla əlbir olub Azərbaycana qarşı təzyiqi artıracaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az