Rüstəm İbrahimbəyovun nəşi Bakıya necə gətiriləcək?- AÇIQLAMA
Rasim Balayev: "Onun dəfninə sürünə-sürünə də olsa gedəcəm..."
Xəbər verdiyimiz kimi ötən gün Moskvada, Mərkəzi Kinematoqrafçılar Evində Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilib. Onun nəşinin martın 15-də Bakıya gətiriləcəyi bildirilir. Qeyd edək ki, mərhumun Azərbaycana gətirilməsi və dəfni ilə bağlı tədbirlər dövlət tərəfindən aparılır.
Lakin məlum məsələdir ki, artıq bir müddətdir beynəlxalq uçuşlar zamanı yaranan risklərlə əlaqədar Azərbaycan ilə Rusiya arasında uçuş reysləri qeyri-müəyyən müddətə dayandırılıb. Bu baxımdan Rüstəm İbrahimbəyovun hansı reyslə Bakıya gətiriləcəyi sual olaraq qalır. Bu zaman iki variant var – ya uçuş Türkiyə üzərindən, ya da böyük ehtimalla xüsusi reyslə həyata keçiriləcək.
Onu da xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Rüstəm İbrahimbəyovun ailəsinə, qohumlarına və yaxınlarına başsağlığı verib.

Rüstəm İbrahimbəyovun rəhbəri olduğu Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Xalq artisti Rasim Balayevin Musavat.com-a deyib ki, onun Azərbaycanda dəfnin vaxtı və yeri hələ ki, dəqiq deyil:
“Çox güman ki, əgər bu gün Bakıya gətirilərsə sabah, sabah gətirilərsə isə biri gün dəfn olunar. Bildiyiniz kimi Moskvada onunla vida mərasimi keçiriləndə səhnədə Rüstəm ibrahimbəyovun üzü açıq idi Yəqin ki, Bakıya gətiriləndə yuyulub, kəfənlənəcək. Böyük ehtimalla Fəxri Xiyabanda, qardaşı Maqsud İbrahimbəyovun yanında dəfn olunar. Çünki bildiyiniz kimi Rusiya prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva Rüstəm İbrahimbəyovun vəfatı ilə bağlı onun ailəsinə başsağlığı veriblər. Bu baxımdan Fəxri Xiyabanda dəfn olunacağını düşünürəm. Mən də hamı kimi məlumat gözləyirəm. Doğrudur, xəstəyəm, səhhətimdə problemlər var, amma gərək dəfnə sürünə-sürünə də olsa gedim”.
Xatırladaq ki, xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə, 83 yaşında vəfat edib. Kinorejissor uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakıda anadan olub. Onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilib. 1989-cu ildə əsası qoyulan “İbrus” (İB- İbrahimbəyov, RUS-Rüstəm) şirkətinin və eyni adlı teatrın təsisçisidir. 1962-ci ildən yazıçılıqla məşğul olub. 15 pyesi dünyanın 100 dən çox ölkə teatrlarından tamaşaya qoyulub. R.İbrahimbəyovla Nikita Mixalkovun müştərək filmi olan "Sibir bərbəri" 1998-ci ildə Avropanın ən böyük büdcəli filmi sayılıb. 1999-cu ildə onun Sergey Bodrovla birgə ssenarisini yazdığı "Şərq-Qərb" filmi ən yaxşı xarici film nominasiyasında "Oskar" mükafatına namizədlərdən biri olub. Onun ssenarisi əsasında çəkilmiş "Səhranın bəyaz günəşi" filmi bir vaxtlar keçmiş SSRİ-də ən çox baxılan film olub.
Musavat.com