📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rüstəm Muradov Qarabağda rus kilsəsinin açılışını edib

2021-11-11 17:07:00

Rüstəm Muradov Qarabağda rus kilsəsinin açılışını edib

Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Qarabağda rus kilsəsinin açılışı olub. Kilsənin dəqiq hansı məntəqədə açıldığı bildirilmir. Lakin bundan əvvəl Xocalı aerodromunun yaxınlığında kilsə tikintisi ilə bağlı xəbər yayılmışdı.

Rusiyanın dövlət saytı xəbəri belə təqdim edib: “Dağlıq Qarabağda Stepanakert şəhəri yaxınlığındakı Rusiya hərbi şəhərciyinin ərazisində Məsihin Miladının şərəfinə ilk pravoslav kilsəsinin açılışı olub”.

Qeyd edək ki, əvvəla,  Azərbaycan Prezidenti İlham Əliyev “Dağlıq Qarabağ” ifadəsinin artıq keçmişdə qaldığını bildirib. Hazırda Azərbaycanın inzibati rayonlar üzrə bölgüsündə bu adda məntəqə yoxdur.

İkincisi, Azərbaycan ərazisində yerləşən şəhərin adı Stepanakert yox, Xankəndidir.

Üçüncüsü, Qarabağda ilk rus pravoslav kilsəsi 1894-cü ildə, çar Rusiyası tərəfindən Xocavənd rayonunda inşa edilib. 1992-ci ildə rayon Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra erməniləşdirilib.

“RİA Novosti”nin verdiyi xəbərdə bildirilir ki, təntənəli açılış mərasimində Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradov ilə Rusiya sülhməramlılarının başçısı Gennadi Anaşkin iştirak ediblər.

Xankəndinin rus icmasının sədri Aleksandr Bodrov deyib: “Çox təəssüf ki, Qarabağda rus kilsələri qalmayıb, onların hamısı sovet illərində bolşeviklər tərəfindən məhv ediliblər. İndi inşa edilmiş Məsihin Miladı kilsəsi də sakral, tarixi əhəmiyyətə malikdir”.

 

Hürr Tərcüman