“Saakaşvili azad edilənə qədər aksiyalar davam edəcək”
Hurriyyet.az “Qruziya Onlayn” portalına istinadən xəbər verir ki, Gürcüstanın keçmiş prezidenti, hazırda həbsdə olan və oktyabrın 1-dən bəri aclıq aksiyası keçirən Mixail Saakaşvilinin azad olunması üçün Rustavidəki həbsxananın qarşısında etirazlar davam edir.
“Milli Hərəkat”ın sədri Nika Meliya jurnalistlərə bildirib: “Biz konkret nəticə əldə edənə və prezident Saakaşvilini onların pəncəsindən azad edənə qədər Rustavi həbsxanasının qarşısındakı aksiya davam edəcəkdir”. O, Gürcüstanın ədalətli etiraza başladığını söyləyib: “Ən böyük cinayət Gürcüstan vətəndaşının seçkisini əlindən almaqdır. Uduzanları qalib, qalibləri məğlub elan etməkdir. Bu, cavabsız qala bilməz və qalmayacaqdır! Bəli, Gürcüstan etiraza başlayacaq, ədalətli etiraza. Bu etiraz bu gün Batumidə başlayacaq. Biz batumililəri və batumili olmalayanları da 17:00-da Acarıstan hökumətinin qarşısındakı ərazidə gözləyirik. 18:00-da Mixail Saakaşvilinin taleyindən, üçüncü prezidentə qarşı sui-qəsddən narahat olan sakinləri Rustavidəki həbsxananın qarşısında gözləyirik. Biz konkret nəticə əldə edənə və prezident Saakaşvilini onun ölməsinə qərar vermiş zalım hakimiyyətin pəncəsindən azad edənə qədər Rustavi həbsxanasının qarşısındakı aksiya davam edəcəkdir”.
Hürr Tərcüman