Saakaşvili "Gürcü arzusu" hökumətinin yuxusunu ərşə çəkib
Gürcüstanda "Gürcü arzusu" hakimiyyəti cüzi fərqlə seçkiləri qazanmasını təmin edə bilsə də, dünya ictimaiyyətinin gözündən sürətlə düşməkdədir. Faktiki olaraq, hazırkı iqtidar ölkədə "hüququ öldürür".
Hətta Saakaşvili "Gürcü arzusu"nun dediyi kimi qaranlıq və xaosu təmsil edən siyasi xadim olsaydı da, ona qarşı aparılan sistematik mənəvi cəzalandırma ölçüyə, əndazəyə sığmır. Buna heç bir halda haqq qazandırmaq olmaz. ABŞ-ın Gürcüstanı Demokratiya Sammitinə çağırmasına baxmayaraq, "Gürcü arzusu"ndan "rus arzusu"na çevrilən hazırkı hakimiyyət ölkənin Kremlin caynaqlarına təhvil verməkdədir. Çünki Qafqazda simvolik olsa da Rusiyadan qoparaq üzünü Qərbə döndərmiş ölkə Gürcüstan idi.
Ölkənin DTX nümayəndəsi Baço Mqeladze isə bu gün keçirdiyi brifinqdə, "Əməliyyat məlumatlarına görə, dövlət qurumlarının bağlanması, 12 saylı müəssisəyə gedən yolların bağlanması üzrə fəaliyyət planının təşkilatçıları, həmçinin ayrı-ayrı hüquq-mühafizə orqanlarının əməkdaşlarının cəlb edilməsi və müxalifət liderlərindən birinin sıradan çıxarılması imkanlarını nəzərdən keçirirlər", ifadələri ilə hökumətin "tikan üstündə oturduğunu" necə lazımdırsa ifadə edib. Onun fikrincə hökumətin zorakılıqla devrilməsinə yönəlmiş bu aksiyaları cəzaçəkmə müəssisəsində ona "baş çəkən insanlar vasitəsilə müxtəlif müxalifət partiyalarının liderlərinə göstərişlər ötürən" məhkum Mixail Saakaşvili planlaşdırır.
"Dövlət Təhlükəsizliyi Xidməti qanuna əsaslanaraq və qanuna uyğun olaraq cinayətin qarşısının alınması və qarşısının alınması üçün tədbirlər görəcək. Cinayəti törədənlər qanunun tələbləri daxilində cavab verəcəklər”, fikri ilə Baço Mqeladze mənsub olduğu hökumətin təlaşını ifadə edib.
Saakaşvili, "Mən həbsdə olduğuma görə aksiyaların çevik idarə edilməsində və planlanmasında iştirak edə bilmədiyim üçün çoxlu partiyadan və sadəcə fəal insanlardan ibarət komandaya tam etibar edirəm", deyə sosial şəbəkədə yazıb. "Etmək istədiyim yeganə şey Tiflisdə planlanan böyük mitinqdə fəal iştiraka çağırmaqdır. Bu gün mən Rustavidə bir çox insanın səsini eşitməyi səbirsizliklə gözləyirəm. Bu, mənə həyat verən və enerjimin ömrünü uzadan yeganə şeydir", deyə Mixail Saakaşvili yazır.
Gürcüstanın ədliyyə naziri Rati Breqadze isə Saakaşvilini "təhlükəli cani" kimi təqdim edir. Onun bu mövqeyinə "Rustavi 2"nin efirində Ədliyyə Nazirliyinin təhlükəsizlik tədbirlərindən irəli gələrək Saakaşvilini Rustavi 12 saylı cəzaçəkmə müəssisəsindən uzaqlaşdırmamağı qətiyyətlə tövsiyə etmsi göstərici ola bilər.
“Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsində məhkəmənin keçirilməsini tövsiyə edirik. Bu, bizim tövsiyəmizdir və təbii ki, buna nail olmaq üçün bütün hüquqi vasitələrdən istifadə edəcəyik. Məhkəmə başqa yerdə də keçirilə bilər, lakin biz qəti şəkildə məhbusu 12 saylı cəzaçəkmə müəssisəsindən çıxarmamağı tövsiyə edirik. Daha doğrusu, onun təhlükəsizlik maraqlarından çıxış edərək, biz onu qorumağa, asayişi təmin etməyə borcluyuq. Əgər hər hansı bir təxribat olarsa, bunun məsuliyyətini kim daşıyacaq? Bütün qüvvələrin təxribatın yatırılmasına yönəlməsi mümkün deyil. Müvafiq olaraq, prosesin on ikinci cəzaçəkmə müəssisəsində aparılmasını tövsiyə edirik”, deyə Rati Breqadze qeyd edib.
Bu gün, 2021-ci il 6 noyabr tarixində Saakaşvilinin saxlanıldığı Rustavi həbsxanası ətrafına toplanaraq aksiyaya hazırlıq görülən cəzaçəkmə müəssisəsinin yaxınlığında Daxili İşlər Nazirliyinin nümayəndələri səhnəyə quraşdırılacaq texnikanın bir hissəsini ərazidən çıxarıblar.
Hüquq-mühafizə orqanları aksiyanın təşkilatçılarından birinə səhnə qurmaq istədikləri yerin təhlükəsizlik baxımından uyğun olmadığını, başqa alternativ yerə köçürəcəklərini izah ediblər. Saakaşvilinin aclıq aksiyasına, "hər kəsin özünü öldürmək hüququ var" sözləri ilə ölkəsinin, daha da çox təmsil etdiyi hakimiyyətin reytinqini yerlə-yeksan edən Gürcüstanın baş naziri faktiki "Gürcü arzusu"nu ifşa edir.
Ülviyyə, Hurriyyet.az