Saakaşvilini gecə ilə apardılar. Vəkil: “Bu, insan oğurluğudur”
Hurriyyet.az “Qruziya-Onlayn” portalına istinadən xəbər verir ki, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili uzun sürən aclıqdan sonra müalicə üçün aparıldığı hərbi hospitalda bir müddət saxlanıldıqdan sonra yenidən Rustavi şəhər həbsxanasına qaytarılıb.
Onun Qoridəki hospitaldan gecəyarısından sonra aparıldığı, təxminən gecə saat 3 radələrində Rustavi həbsxanasına çatdırıldığı deyilir.
Bu xəbər hələ rəsmən təsdiqlənməyib. Saakaşvilinin vəkillərinə onun aparılması barəsində heç bir məlumat verilməyib. Vəkillər dövlət məmurlarının bu addımını “insan qaçırılması” kimi qiymətləndiriblər.
Vəkil Şota Tutberidze “Formula” telekanalına açıqlamasında deyib: “Onlar gecə gələrək, xəstə adamı hospitaldan oğurlayıblar. Bizim məlumat mənbəmiz də sizinki elə eynidir – hər şeyi yerli sakinlərdən eşitmişik”.
Hazırda Saakaşvilinin vəkilləri Rustavinin 12 saylı penitensiar müəssisəsinin qarşısındadırlar və eks-prezidentin səhhətinin normasında olduğuna tam əmin olmaq üçün onunla görüş tələb edirlər. Saakaşvilinin tərəfdarları da oradadırlar. Hökumət müəssisənin ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib, xüsusi texnika səfərbər edilib.
Hürr Tərcüman