📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Saakaşvilinin məqsədi azadlığa qovuşmasında Bakının da dəstəyini almaqdır" - ELXAN ŞAHİNOĞLU

2023-08-10 12:07:00

"Rusiya 2008-ci ildə Gürcüstanın içərilərinə doğru daha çox soxulsaydı, bu, Azərbaycanın da təhlükəslzik maraqlarına ciddi təhdid yaradacaqdı"

"Fikrimcə, həbsdə ağır sağlıq problemləri olan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin "facebook" səhifəsində Rusiyanın 2008-ci ildə Gürcüstana hərbi müdaxiləsi zamanı Azərbaycanın ölkəsinə verdiyi hərtərəfli dəstəklə bağlı açıqlamasının məqsədi azadlığa qovuşmasında Bakının da dəstəyini almaqdır". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Azərbaycanın Gürcüstanın daxili işlərinə qarışmadığını vurğulayan politoloq qeyd edib ki, Mixail Saakaşvili dönəmində iki ölkə arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qaldırıldı və əksəriyyətimiz bunu unutmuruq: ""Azərbaycan bizi yanacaq və ölkəmizi xilas etmək üçün mühüm əhəmiyyət kəsb edən maliyyə ilə təmin etdi" deyən Saakaşvilinin qonşu dövlətdən hərbi dəstək aldığını da sözlərinə əlavə etməsi diqqəti çəkib. Bəli, Rusiya 2008-ci ildə Gürcüstanın içərilərinə doğru daha çox soxulsaydı, bu, Azərbaycanın da təhlükəslzik maraqlarına ciddi təhdid yaradacaqdı. Ona görə də Bakının Gürcüstanı hərtərəfli dəstəyi vacib idi. Mixail Saakaşvilinin həmin dövrdə Ermənistanın Gürcüstana dəstəyinin nədən ibarət olduğunu söyləməsi də maraqlı olardı".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az