"Saakaşvilinin seçkilərdə partiyasını qələbəyə aparması gözlənilir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ
"O, növbəti dəfə hakimiyyətə gələrsə, o zaman Gürcüstanda Qərbin mövqeləri güclənəcək və ölkə NATO üzv ola bilər"
"Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ölkəsinə qayıdıb. Qeyd edim ki, onun Gürcüstanda keçiriləcək seçkilərdə partiyasını qələbəyə aparması gözlənilir. Amma bu, hakim "Gürcü Arzusu" Partiyası ilə qarşıdurmaya səbəb ola bilər". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin sözlərinə görə, Gürcüstanda siyasi-iqtisadi və sosial vəziyyət çətinləşir: "Ölkədə demokratiya keçmişdə qalıb, kriminogen vəziyyət getdikcə ağırlaşır. Həmçinin, hakimiyyətin Qərblə sıx siyasi inteqrasiya qurmaması, Moskva ilə şübhəli əlaqələri Qərbin bu ölkədə Saakaşviliyə dəstək verməsini labüd edib. Qərb tərəfindən Saakaşviliyə dəstək verilib ki, Gürcüstana qayıtdı. Onun həbsi isə hakimiyyətə qarşı Qərbin təzyiqlərini artıra bilər. Eyni zamanda, ölkədə seçki dönəmində etirazlara gətirib çıxara bilər".
Politoloq hesab edir ki, Saakaşvili növbəti dəfə hakimiyyətə gələrsə, o zaman Gürcüstanda Qərbin mövqeləri güclənəcək və ölkə NATO üzv ola bilər: "Ölkədə demokratik seçkilər keçirilərsə, müxalifətin qalib gəlməsi mümkündür".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az