Sabiq diplomat: Azərbaycan Transxəzər beynəlxalq nəqliyyat marşrutunda əsas rol oynayır
Böyük Britaniyanın Azərbaycandakı keçmiş səfiri Ceyms Şarp deyib ki, Azərbaycan Transxəzər (Orta Dəhliz) beynəlxalq nəqliyyat marşrutunda əsas rol oynayır. Bu barədə “MashreghNews” saytı yazır.
Onun sözlərinə görə, Ukraynada müharibə başlayandan bəri Avropada Rusiya ərazisindən yüklərin daşınmasında ciddi dəyişiklik baş verib. Bu, Transxəzər beynəlxalq marşrutuna marağın artmasına səbəb olub.
Keçmiş səfir Orta Dəhlizin ən bariz birləşdirici nöqtəsinin Bakı limanı olduğunu vurğulayıb. O, bildirib ki, Bakı limanı həm də Rusiya ilə İran arasında Şimal-Cənub dəhlizi üzərində yerləşir.
“Xəzər Boru Kəməri neftin Qərbə ixracının ən sərfəli və səmərəli marşrutudur, ancaq son bir neçə ildə baş verən hadisələr onun zəifliyi ilə bağlı narahatlıq yaradıb. Mən inanmıram ki, Transxəzər marşrutu Xəzər Boru Kəmərini əvəz edəcək, əksinə, fərqli ixrac marşrutları yaradacaq”, deyə, Ceyms Şarp əlavə edib.
Ülviyyə, Hurriyyet.az