Sabiq energetika nazirinin saxlanıldığı təısdiqləndi - Kiyevə aparılıb
Xəbər verdiyimiz kimi, Ukraynanın sabiq energetika naziri German Qaluşşenko fevralın 15-nə keçən gecə ölkədən çıxmağa cəhd edərkən saxlanılıb.
“AzPolitika” bildirir ki, bu barədə məlumatı Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) təsdiqləyib.
Qurumun açıqlamasında bildirilir ki, sabiq nazir energetika sektorunda genişmiqyaslı korrupsiya ilə bağlı “Midas” işi çərçivəsində saxlanılıb. Hazırda əlavə detallar açıqlanmır.
“Ukrainskaya Pravda”nın məlumatına görə, Qaluşşenko qatardan endirilib. Sərhəd xidmətinin əməkdaşlarında NABU və Ukraynanın İxtisaslaşmış Antikorrupsiya Prokurorluğu (SAP) tərəfindən göndərilmiş sorğu olub. Sorğuda sabiq nazirin sərhədi keçmək cəhdi barədə məlumat verilməsi tələb edilirdi.
“Radio Svoboda”nın Ukrayna xidmətinin “Sxemı” araşdırma layihəsinin mənbələrinin bildirdiyinə görə, Qaluşşenko istintaq hərəkətlərinin aparılması, o cümlədən ona şübhə elan edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi məqsədilə Kiyevə aparılıb.
Xatırladaq ki, 10 noyabr 2025-ci ildə NABU dövlətə məxsus “Enerqoatom” şirkətində cinayətkar təşkilatın fəaliyyətinin ifşa olunduğunu açıqlamışdı.
İstintaqın versiyasına görə, sxemin iştirakçıları şirkətin təchizatçı və podratçılarından müqavilə məbləğinin 10-15 faizi həcmində “otkat” tələb ediblər.
Onlar ödənişləri bloklamaq və ya təchizatçı statusunu ləğv etməklə hədələyiblər. Bundan əlavə, istintaq materiallarında qeyd olunur ki, sxem iştirakçıları “Enerqoatom”un enerji obyektlərinin Rusiyanın zərbələrindən qorunması üçün ayrılmış vəsaitlərin yuyulmasında da iştirak ediblər.
Bir gün sonra NABU “Enerqoatom” işi üzrə beş nəfərin – o cümlədən hazırkı və sabiq vəzifəli şəxslərin saxlanıldığını açıqlamışdı.
İstintaq sxemin təşkilatçısı kimi Ukrayna prezidenti Volodimir Zelenskinin biznes tərəfdaşı və “95 Kvartal”ın həmtəsisçisi Timur Mindiçi göstərib. Mindiç saxlanılmayıb, çünki ölkədən çıxmağa nail olub. Jurnalistlər onun İsraildə olduğunu müəyyən ediblər. Sxemin ifşasından sonra Zelenski onun barəsində sanksiya tətbiq edib.
Bu iş çərçivəsində Ukraynanın sabiq baş nazir müavini Aleksey Çernışev iki ay müddətinə həbs edilib. Sabiq müdafiə naziri Rüstəm Umerov dindirilib.
Bundan əlavə, Ukrayna prezidentinin ofisinin sabiq rəhbəri Andrey Yermakin ofisində axtarış aparılıb. Az sonra Yermak istefa verib.
Hazırda istintaq davam edir. Rəsmi qurumlar əlavə təfərrüatları açıqlamayıb.