Şabranda selin fəsadları hələ də aradan qaldırılmayıb - VİDEO
Şabranın Surra kəndində selin fəsadları hələ də aradan qaldırılmayıb.
Hurriyyet.Media məlumatına görə, ötən və bu il yağan güclü yağışlar nəticəsində kəndin içindən keçən çay üzərində yerləşən həm piyada, həm də avtomobil körpüsü sel sularına tab gətirməyərək dağılıb.
Sakinlərin sözlərinə görə, sel baş verən gündən bu vaxta qədər məsələ həllini tapmayıb.
Kənd sakinləri deyirlər ki, Surra kəndinin sakinləri bu çayın ayırdığı iki sahə arasında körpüsüz qalıblar. Hər yağışdan sonra çayın səviyyəsi yüksəlir və keçmək tamamilə mümkünsüz olur. Onlar problemin qısa zamanda həll edilərək yeni körpülərin inşa olunmasını istəyirlər. Sakinlər deyir ki, problemlə bağlı dəfələrlə Şabran Rayon İcra Hakimiyyətinə müraciət etsələr də, indiyədək körpülərin bərpası istiqamətində hər hansı iş görülməyib.
Şabran şəhər İnzibati ərazi dairə üzrə nümayəndəliyin baş məsləhətçisi Rəşad Əmrahov “Xəzər Xəbər”ə bildirdi ki, 2026-cı ilin mart-aprel aylarındakı təkrar sel fəlakətləri beton örtükləri yenidən sıradan çıxardıb. Aparılan qiymətləndirmədən sonra bəlli oldu ki, həmin ərazidə eyni tipli boruların yenidən quraşdırılması həm sakinlərin təhlükəsizliyi, həm də nəqliyyatın hərəkəti üçün ciddi risk yaradır.
Baş məsləhətçi əlavə edib ki, 2022-ci ilin noyabrında ərazidə 8 ədəd beton borudan ibarət avtomobil keçidi quraşdırılmışdı. Lakin 2025-ci ilin aprelində sel həmin qurğunu dağıdıb və sonradan bərpa edilib.
Hurriyyet.Media mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.