📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şagirdin yoldaşını döyməsi ilə bağlı məktəbdən və BŞTİ-dən - Açıqlama

2022-10-04 10:20:00

Şagirdin yoldaşını döyməsi ilə bağlı məktəbdən və BŞTİ-dən - Açıqlama

"Sosial şəbəkələrdə şagirdlərin uyğunsuz davranışı ilə bağlı yayılan görüntülər 30 sentyabr tarixində tənəffüs zamanı baş verib".

Bu barədə 112 nömrəli tam orta məktəbdən məlumat verilib.

Məlumatda bildirilib ki, həmin şagirdlər arasında əvvəllər heç bir mübahisə yaranmayıb:

"Görüntüləri çəkən şagird həmin gün məktəbə iki mobil telefon gətirərək birini sinif rəhbərinə təhvil versə də, digərini özündə saxlayıb. 

Sinif rəhbəri hadisədən xəbərdar olan kimi şagirdlərlə söhbət aparıb. Onlar səhvlərini anladıqlarını və artıq barışdıqlarını bildiriblər.

Məktəb rəhbərliyi tərəfindən şagirdlərdən və onların valideynlərindən izahat alınıb, psixoloqlar tərəfindən məktəblilərlə müvafiq istiqamətdə söhbət aparılıb. 

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib.

Məktəbdaxili nizam-intizam qaydalarına əməl etməyin zəruriliyi bir daha şagirdlərin diqqətinə çatdırılıb".

Sözügedən hadisə ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən isə Yeniavaz.com-a bildirilib ki, məsələ ilə bağlı müvafiq araşdırma aparılır:

"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin psixoloqları da məktəbdə olub, uşaqlarla zəruri söhbət aparılıb, müvafiq dəstəkləyici tədbirlərin həyata keçirilməsi qərara alınıb.

Qeyd edək ki, məktəbdaxili münasibətlərin düzgün tənzimlənməsi hər zaman diqqət mərkəzində saxlanılır və bununla bağlı zəruri maarifləndirmə işləri görülür".