📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şagirdlərin məktəb ALIŞ-VERİŞİ PROBLEMİ

2022-08-19 15:04:00

Şagirdlərin məktəb ALIŞ-VERİŞİ PROBLEMİ

Elşən Qafarov: "Sosial bərabərliyin təmin olunması, məktəbdə tərbiyə mühitinin qurulmasında məktəbli forması böyük əhəmiyyət daşıyır"

Qarşıdan gələn yeni dərs ilinin başlaması ilə əlaqədar artıq məktəbli forması və məktəb ləvazimatların alış-verişinə başlanılıb. Bəs, şagirdlər üçün lazımlı əşyaların qiymətləri normaldırmı? Məktəblərin açılmasına az vaxt qaldığı bu günlərdə bütün ailələr və şagirdlər məktəb alış-verişi üçün tələsirlər. Lakin hazırda ölkədə qazancı az, maddi vəziyyəti aşağı olan ailələr də var. Belə ailələr üçün yeni məktəbli forması və dərs ləvazimatı almaq mürəkkəb olur. Görəsən, yeni dərs ilində şagirdlərin alış-veriş xərclərində narahatlığa səbəb varmı? 

Məsələ ilə bağlı Hurriyyet.az-a açıqlama verən təhsil üzrə ekspert Elşən Qafarov bildirib ki, ölkənin hazırki vəziyyətini nəzərə alsaq, məktəb alış-verişlərinin xərci son dərəcə normaldır: "Nazirlər Kabinetinin 17 mart 2022 ci il tarixli 96 nomrəli qərarına əsasən, dövlət ümumtəhsil məktəblərində geyim formalarının eskizləri müəyyənləşdirilib. Geyim eskizlərinin bir komplekti 65 manata başa gəlir. Düşünürəm, hazırdakı, vəziyyətdə elə böyük rəqəm deyil. Nəzərə alsaq ki, əgər şəhid və qazi ailələrinin üzvlərinin dövlət tərəfindən məktəb xərcləri qarşılanarsa və eyni zamanda dövlətdən sosial müavinət alan şəxslərin övladlarının da xərcləri dövlət tərəfindən qarşılanarsa, yerdə qalan digər şəxslər üçün məktəbli forması almaq elə böyük çətinlik törətməyəcək. Qeyd edim ki, məktəbli formasının əhəmiyyəti böyükdür. Sosial bərabərliyin təmin olunması, məktəb mühitində və məktəbdə ümumiyyətlə tərbiyə mühitinin qurulmasında çox böyük əhəmiyyət daşıyır. Nəzərə alsaq ki, bu gün ölkədə 1 milyon 600 min şagird var. Bu şagirdlərin çox kiçik bir qismi sosial müavinət alan və yaxud sosial tərəfdən həssas olan, dövlətdən yardım alan şəxslərin övladlarıdır. Eyni zamanda şəhid, qazi övladlarıdır və onların məktəb xərcləri dövlət tərəfindən qarşılananarsa, yerdə qalan digər qismin məktəb xərclərinin ödənilməsi, o cümlədən məktəbli formasının alınması elə böyük çətinlik törətməyəcək. İstənilən halda sentyabr ayının 15-i, yeni tədris ilində məktəblilərin məktəb formasında məktəbə gəlməsini təmin etməliyik".

Nərmin Məmmədli,

Hurriyyet.az