Sahibə Qafarova TÜRKPA-nın 15-ci plenar iclasında çıxış etdi - Fotolar
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Qırğızıstanın Bişkek şəhərində səfərdədir.
Hurriyyet.net xəbər verir ki, işgüzar səfər çərçivəsində Milli Məclisin sədri oktyabrın 20-də TÜRKPA-nın 15-ci plenar iclasında çıxış edib.
Çıxışında Milli Məclisin sədri 2009-cu ilin sentyabrında Bakıda birinci plenar iclasın keçirilməsindən ötən illər ərzində TÜRKPA-nın səmərəli dialoq və əməkdaşlıq platformasına çevrildiyini və beynəlxalq aləmdə tanınan mühüm təşkilat kimi formalaşdığını bildirib.
Spiker Sahibə Qafarova TÜRKPA-nın fəaliyyətinin müxtəlif istiqamətlər üzrə səmərəli və arıdıcıl şəkildə həyata keçirildiyini bildirib. Qeyd edilib ki, TÜRKPA-nın daimi komissiyaları mühüm əlaqələndirmə mexanizmləri kimi çıxış edirlər. Milli Məclisin sədri artıq TÜRKPA çərçivəsində mühüm model qanunvericilik bazasının formalaşmaqda olduğunu vurğulayıb.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, TÜRKPA üzv ölkələrin parlamentləri arasında əməkdaşlığı yeni istiqamətlər üzrə daha da genişləndirməyə imkan verir. Bu baxımdan, o, Qadın Parlamentarilər Qrupunun və Gənc Parlamentarilər Qrupunun işinin əhəmiyyətini vurğulayıb.
Gənc parlamentarilərin rolunu qeyd edən spiker deyib ki, Türk Dövlətləri Təşkilatının hazırkı sədri, Azərbaycan Prezidenti İlham Əliyev təşkilata üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarını ötən ay Bakıda qəbul edərkən ölkələrimizin qarşılaşdığı təhdidlər haqda fikirlərini paylaşıb və təşkilatı gənclər siyasəti sahəsində fəal işləməyə dəvət edib. Spiker TÜRKPA-nı, o cümlədən gənc parlamentariləri də bu istiqamətdə səylərini gücləndirməyə çağırıb. Qeyd olunub ki, TÜRKPA-nın ən böyük xüsusiyyəti ondan ibarətdir ki, bu təşkilat ortaq mədəniyyətə, tarixə, dilə, milli-mənəvi dəyərlərə malik xalqların təmsilçilərini bir çətir altında birləşdirir. Bu isə parlament üzvlərinin məsuliyyətini daha da artırır.
O, qanunvericilik islahatları ilə yanaşı, Azərbaycan parlamentinin texnoloji tərəqqinin yaratdığı imkanlardan öz fəaliyyətində də səmərəli istifadə etməsindən danışıb, qanunvericilik orqanının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində müasir texnoloji imkanlardan, rəqəmsal texnologiyalardan geniş istifadə olunması istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb.
Milli Məclisin sədri vurğulayıb ki, süni intellekt və texnoloji tərəqqi yeni imkanlar formalaşdırdığı kimi, yeni çağırışlar, kibtertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində yeni risklər də yaradır. Bütün bunlar isə qeyd olunan sahədə qarşılıqlı fəaliyyəti daha da zəruri edir.
Çıxışına yekun vuran Sahibə Qafarova TÜRKPA-ya sədrliyi dövründə Qırğız Respublikası Joqorku Keneşinin sədri Marlen Mamataliyevə uğurlar arzulayıb və 15-ci plenar iclasda aparılacaq müzakirələrin, qəbul ediləcək qərarların əməkdaşlığın möhkəmləndirilməsinə böyük töhfə verəcəyinə inamını ifadə edib.

