Şahzadə Salmanın Yaponiyaya səfəri təxirə salındı
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, kral Salman bin Əbdüləziz Əl Səudun xəstələnməsi ilə əlaqədar oğlunun - Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudun Yaponiyaya səfəri təxirə salınıb. Bu barədə açıqlamanı Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayasi verib. Baş katib deyib: "Mayın 19-da axşamdan xeyli keçmiş Səudiyyə Ərəbistanı hökuməti Yaponiya hökumətinə xəbər verdi ki, kralın səhhəti ilə əlaqədar vəliəhd şahzadənin səfərini təxirə salmaq lazım gəlib". O, səfərin yeni tarixinin yenidən razılaşdırılacağını bildirib.
Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanının 88 yaşlı kralının vəziyyəti ağırlaşıb, onda ağciyər iltihabı aşkarlanıb. Kral hazırda müalicə edilir.
Səfər çərçivəsində vəliəhd şahzadənin Yaponiya imperatoru Naruhito ilə görüşü və Baş nazir Fumio Kisida ilə danışıqları planlaşdırılmışdı. 2025-ci ildə Yaponiya ilə Səudiyyə Ərəbistanının diplomatik münasibətlərinin qurulmasının 70-ci ildönümü tamam olur. Baş tutmayan səfər həm də bu tarixə həsr ediləcəkdi.
Hürr Tərcüman