📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Samir Şərifov düz deyir, amma doğru danışmır" - NATİQ CƏFƏRLİ

2022-05-26 15:33:00

"ABŞ-da ilə 20 min dollar qazanana kasıb, bizdə isə ilə 34000, yəni aya 2835 manat qazanana milyoner deyirlər"

"Hörmətli Samir Şərifov düz deyir, amma doğru danışmır, alma ilə velosipedi müqayisə edir. Bəli, Avropa ölkələrində, ABŞ-da qaz qiymətləri bahadır. Amma məsələn, Almaniyada kasıblıq həddi, kasıblara təyin edilən ödəniş aya 920 avro, yəni 1675 manata bərabərdir". Hurriyyet.az xəbər verir ki, bu fikirlər Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərliyə məxsusdur.

İqtisadçı ekspert qeyd edib ki, bizdə bu qədər maaş alana orta sinif deyirlər, həsəd aparırlar: "Qohum-qonşu 1700 manat maaş alanı öz övladına nümunə göstərib, "odey, xalxın uşağı 1700 manat qazanır", deyirlər. Və ya ABŞ-da ilə 20 min dollar qazanana kasıb deyirlər, vergilərdən azad edirlər, bizdə isə ilə 34000, yəni aya 2835 manat qazanana milyoner deyirlər, xanımdısa elçilər qapıya düzülür, oğlandısa qohum-qonşular öz qızını, yaxınını elə maaş alana ərə verməyə çalışırlar".

Məhz bu səbəbdən də Natiq Cəfərli hesab edir ki, Azərbaycanda qaz qiymətlərindən bir dəfə deyəndə, ölkədəki maaş və təqaüdlərdən 10 dəfə danışmaq lazımdır.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az