"Sank-Peterburq görüşünün hansısa uğurlu nəticə verməsi inandırıcı görünmür" - SAMİR HÜMBƏTOV
"Bizim üçün uğurlu nəticənin əldə edilməsi Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın vasitəçilər olmadan görüşü ola bilər"
"Bu gün Rusiyanın Sank-Peterburq şəhərində MDB dövlət və hökumət başçılarının qeyri-formal sammiti keçriləcək. Bu sammitdə Azərbaycan prezidenti cənab İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan da iştirak edəcək. Sammit çərçivəsində Azərbaycan prezidenti cənab İlham Əliyev, Ermənistan baş naziri Nikol və Rusiya prezidenti Vladimir Putin arasında üçtərəfli görüşün keçriləcəyi ilə bağlı məlumat yayılıb. Ehtimal olunanlardan biri də odur ki, bu görüş zamanı tərəflər arasında əsas müzakirə ediləcək mövzular sırasında Qarabağ münaqişəsinin nizamlanması, 10 noyabr 2020 və 11 yanvar 2021- ci il üçtərəfli bəyannamələrinin icrası və s. olacaq". Hurriyyet.az xəbər verir ki, bunu siyasi ekspert Samir Hümbətov deyib.
Siyasi ekspert hesab edir ki, əvvəlki görüşlərdə olduğu kimi, bu görüşdə də hansısa ciddi nəticənin əldə ediləcəyi o qədər inandırıcı görünmür: "Nəzərə alsaq ki, bu il ərzində bu, tərəflərin iştirakı ilə 3-cü görüş olacaq və bu görüşlər çərçivəsində hansısa əməli-praktiki addımların atılmasının şahidi ola bilmədik. O zaman, bu görüşün də hansısa uğurlu nəticə verməsi inandırıcı görünmür. Digər tərəfdən isə bu görüş qeyri-formal sammit çərçivəsində baş tutur. Bizim üçün uğurlu nəticənin əldə edilməsi Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın vasitəçilər olmadan görüşü ola bilər".
Samir Hümbətovun fikrincə, bu cür görüş Rusiyada yox, digər neytral ölkədə baş tutarsa, mümkün görünə bilər.
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az