📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Sanksiyalar Rusiyanı ayıltdı, daxili istehsalı, ixracatı və gəlirlərini artırdı" - NATİQ CƏFƏRLİ

2021-10-12 11:24:00

"2030-cu ilə qədər enerji daşıyıcılarının qiyməti yüksək olacaq, bu ölkəmiz üçün ikinci və son şans olacaq ki, ciddi sistem islahatları həyata keçirib məmləkəti keyfiyyətcə yeni səviyyəyə çıxartmağa nail olaq"

"Enerji daşıyıcılarının yüksək qiymətləri fonunda Rusiyaya qarşı sanksiya rejiminin mənasız, heç bir effekt verməyən addım olduğunu dəfələrlə publik çıxışlarımda qeyd etmişəm. Ümumiyyətlə, sanksiyalardan udan hələ ki, Rusiya oldu". Hurriyyet.az xəbər verir ki, bu fikirlər Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərliyə məxsusdur.

İqtisadçı ekspertin sözlərinə görə, 2008-ci ildən başlayan, 2014-cü ildən çox sərtləşən Qərbin sanksiya siyasəti tam iflasa uğrayıb: "Sanksiyalar Rusiyanı ayıltdı, daxili istehsalı, ixracatı, gəlirlərini artırdı. Bu, faktdır, rəqəmlərlə sübut olunur. 2021-ci ildə Rusiya neft-qazdan 125 mlrd. dollar gəlir əldə edəcək, bu 2020-ci ilə nisbətən 50 mlrd. dollar daha çoxdur. 2020-ci ildə neftin ortalama qiyməti 43 dollar idisə, 2021-ci ildə 70 dollardan yuxarı olacaq, keçən il Rusiyanın Avropaya satdığı qazın orta qiyməti hər 1000m3 üçün 143 dollar idisə, bu il hər 1000m3 üçün ortalama 319 dollar olacaq. Bu qiymətlərlə Rusiyaya qarşı sanksiyaların effekti sıfırdır".

Natiq Cəfərli qeyd edib ki, dünya bazarlarında neft qiymətləri bahalaşan kimi bizim hökumət də öz "fabrika ayarlarına" geri dönür: "İlham Əliyev dünən yenə 4 agentlik, 1 fond yaradılması ilə bağlı fərman imzalayıb. Yenə büdcəyə əlavə yük, yenə mənasız qurumlar, yenə dövlətin iqtisadiyyatda əsas oyunçu olmaq istəyi – yeni heç nə yoxdur. Tragikomik qərarlardan biri də "Azərbaycan Biznesinin İnkişafı Fondu"nun yaradılmasıdır. Prezident və onun komandası elə bilirlər ki, ölkədə biznesin problemi elə bu Fondun olmamağıdır. İstəyirlər 50 belə Fond yaratsınlar, ədalətli məhkəmə yaranmadıqca, biznesin işinə müdaxilə edən hüquq-mühafizə, özlərini biznesdən ağıllı sayan yerli icra başçıları institutu qaldıqca heç nə dəyişməyəcək, dəyişməsi mümkün deyil. Bu çox bəsit həqiqətdır, təəssüf ki, neft-qaz qiymətlərinin artması bu həqiqəti arxa plana çəkir, hökuməti növbəti dəfə “tənbəlləşdirir”. 2030-cu ilə qədər enerji daşıyıcılarının qiyməti yüksək olacaq, bu ölkəmiz üçün ikinci və son şans olacaq ki, ciddi sistem islahatları həyata keçirib məmləkəti keyfiyyətcə yeni səviyyəyə çıxartmağa nail olaq. Birinci şansı iqtisadi olaraq itirdik, amma işğal faktının böyük ölçüdə sona çatması, torpaqlarımızın işğaldan böyük ölçüdə azad edilməsi o itirilmiş şansı müəyyən mənada kompensasiya etdi. İndi isə ikinci və son şansı itirməyə haqqımız yoxdur".

Onun fikrincə, 2030-cu ildə tamam başqa dünyada yaşayacağıq və əgər hazırlaşmasaq bəşəriyyətin uduzanlar, ausayderlər "liqasında" qalacağıq.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az