Şarl Mişel “alqışlayıram”, Markov “Rusiyanı Qafqazdan sıxışdırırlar” dedi – Paşinyan nə edir?
Hurriyyet.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel “Tvitter” hesabındakı paylaşmasında Avropa İttifaqı missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsini alqışladığını bildirib.
Şarl Mişel yazıb: “Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron ilə görüşdən sonra monitorinq imkanlarının Ermənistanda onun Azərbaycanla sərhədi boyunca yerləşdirilməsini alqışlayıram. Bu, etimad inşasına yardım edəcək və tezliklə Brüsseldə çağırılacaq sərhəd komissiyalarına Aİ-nin daha yaxşı dəstək verməsinə imkan verəcək”.
Xəbər verdiyimiz kimi, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi, siyasətçi Sergey Markov öz “Feysbuk” səhifəsində Ermənistanın artıq Rusiyaya, KTMT-yə arxa çevirdiyini yazıb: “Rusiyaya qarşı yeni hücum başlanır. Bu gün Avropa İttifaqının müşahidəçilərinin Ermənistanla Azərbaycan sərhədinə yerləşdirilməsinə başlanılıb. Elə təcilidir ki, bu gün onları Gürcüstandan daşıyırlar. Aydındır ki, bu müşahidəçilərin praktiki olaraq hamısı NATO ölkələrinin hərbçiləri və xüsusi xidmət orqanlarıdırlar. Məqsəd – Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq, o cümlədən rusiyalı sülhməramlıları qovmaq və Rusiyanın Gümrüdəki hərbi bazasını qovub oradan çıxarmaqdır. Bu, Paşinyanla Makronun birgə planıdır. Bütün müşahidəçilər yalnız Ermənistan ərazisində olacaqlar. Rusiya istəyərdi ki, orada KTMT müşahidəçiləri yerləşdirilsinlər. Lakin Ermənistan KTMT-dən olan müşahidəçiləri əngəllədi. Bununla əlaqədar artıq Lavrovla Ermənistan XİN rəhbəri arasında açıq-aşkar və kəskin mübahisə olub”.
Hürr Tərcüman