📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan təmsilçilərinin növbəti görüşü baş tutacaq" - ZAUR MƏMMƏDOV

2023-02-23 13:14:00

"Ehtimal edirəm ki, görüşdə Münhen Təhlükəsizlik Konfransı zamanı razılaşdırılmış məqamların detalları müzakirə ediləcək"

"Yaxın günlərdə Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan təmsilçilərinin növbəti görüşü baş tutacaq". Hurriyyet.az xəbər verir ki, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov qeyd edib.

Bakı Politoloqlar Klubunun rəhbəri ehtimal edir ki, görüşdə Münhen Təhlükəsizlik Konfransı zamanı razılaşdırılmış məqamların detalları müzakirə ediləcək: "İstisna etmirəm ki, Azərbaycanla yerli ermənilər arasında təhlükəsizlik məsələləri və inteqrasiyanın mexanizmləri müzakirə edilsin. Çox güman ki, Avropa İttifaqının Bakı və Xankəndi arasında müəyyən məsələlərdə iştirakı da mümkündür".

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri əlavə edib ki, Münhendə Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ ermənilərinin Azərbaycanın tərkibində inteqrasiyalarına razılaşıb: "Bundan başqa, görüşdə Zəngəzur dəhlizi, sülh müqaviləsi ilə bağlı mətnin də müzakirəsini düşünürəm".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az