Seçkilər bitdi, Türkiyə cəmiyyəti dəyişir: Azərbaycanı hansı təhlükə gözləyir?
Türkiyənin seçkidən sonrakı siyasi gündəliyində önə çıxan istiqamətlər bu və ya digər şəkildə Azərbaycana da təsir edəcək. Əsas istiqamətlər isə bunlardır:
-İnflyasiya - İndi faktiki devalvasiyaya gedilir, lirənin qorunması siyasətindən imtina edilir. Həm Maliyyə Nazirliyinin, həm də Mərkəzi Bankın sədrliyinə Qərbə bağlı şəxslər gətirilib. Əvvəllər yazdığımız kimi bu, maliyyə sahəsində Qərblə uzlaşma siyasətinə gedilməsi, islam bankçılığı, xarici ticarətdə dolları lirə, rubl və yuanla əvəz eymə kursundan imtina edilməsi kimi də oxuna bilər. Bunun bizə təsiri varmı? Nəzərə alaq ki, Azərbaycanın yoxsul və orta təbəqəsinin gündəlik istehlak malları və geyimi əsasən Türkiyədən təmin edilir. Üstəlik, Türkiyə Rusiyadan sonra ən çox azərbaycanlı əmək miqrantının yaşadığı ölkədir. İnflyasiya onların dolanışığına təsir edir, həm də Azərbaycandakı əvvəlki inflyasiyaları təhrik edən əsas iki xarici valyuta olub - rus rublu və türk lirəsinin ucuzlaşması. Manat nə qədər möhkəm valyuta olsa da, lirənin davamlı enişi manata əlavə basqı yaradır.
-Ərdoğan müəyyən kəsim tərəfindən sadəcə siyasi lider deyil, yeni Türkiyə əsrinin banisi kimi qəbul olunur. Əvvəllər “III Əbdülhəmid xitabı” onun opponentlərinin dilindən tənqid kimi səslənirdisə, indi tərəfdarları onu yalnız yeni xəlifə kimi qəbul etmirlər, fetişləşdirməkdə bəzən ifrata varırlar. Onun Azərbaycanda da yetərincə olan tərəfdarları və əleyhdarlarının davranışları futbol klubu azarkeşlərinin (fanklub) davranışı kimidir. Xüsusən seçkiqabağı dövrdə onlar sosial mediada xeyli fəallıq edir, əks mövqedə olan hər kəsi açıq şəkildə təhqirdən çəkinmirdilər. Qonşu ölkə siyasi fiqurlarına bağlı belə fanatik kütlənin yaranması istənilən vaxt daxili siyasətdə təzyiq faktoruna çevrilə bilər.

-Sağ seçici kütləsi üçün Ərdoğanı əvəz edəcək yeni fiqurun, başqa sözlə, desək onun İnönüsünün kim olması axtarışı Türkiyə daxili siyasətində müəyyən gərginlik amili olacaq, bu, Azərbaycanda müəyyən kəsimə təsirsiz ötüşməyəcək.
-Yeni hökumətin əsas xarici siyasət vektorlarından birini Azərbaycan və Qarabağ mövzusu təşkil edir. Artıq bu mövzu ilə bağlı ABŞ dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər nazir Hakan Fidan arasında danışıqlar aparılır. Türkiyə Milli Təhlükəsizlik şurasının seçkidən sonra ilk toplantısında mövzu müzakirə olunub.
-Ərəb mediası Türkiyəni indi bəzən ərəb dünyasının bir parçası kimi təqdim edir. Türkiyə-urub ə(ərəb dünyası) əlaqələri Azərbaycanın eyni ölkələrlə münasibətlərinə də təsir edir. II Qarabağ savaşı zamanı və sonrakı dövrlərdə bəzi ərəb KİV-lərində Azərbaycandan Qafqazdakı Türk(iyə) foprostu kimi bəhs edilirdi, bu yanaşma ikitərəfli əlaqələrə təsir edir. Hərçənd Körfəz ölkələrinin əməkdaşlıq şurasına yaxın düşüncə mərkəzlərinin birinin hesabatında Azərbaycanın özünü müstəqil siyasəti olan regional dövlət kimi təqdim etməsi cəhdləri təqdir olunur, əlaqələrin bu çərçivədə qurulması tövsiyə olunurdu.
-Türkiyənin İran və Qərblə əlaqələri də Azərbaycanın bu ölkələrlə münasibətlərinə birbaşa təsir edir.
-Ötən yazılarımızda Azərbaycanda yeni sol partiyaları yaratmaq təşəbbüsləri haqda məlumat vermiş, bu zaman Türkiyədəki anarxist, kommunalist cərəyanlardan da təsirlənmələr olduğunu qeyd etmişdik. Hələ 2010-cu illərin əvvəllərində Türkiyədə sol hərəkatı bir araya gətirmək üçün “solun Ərdoğanı”nı tapmaq axtarışları vardı. Əslində 2014 və 2018-də Səlahəddin Dəmirtaşın prezidentliyə namizədliyinin irəli sürülməsi həm də belə namizəd axtarışının nəticəsi idi. Kemal Kılıcdaroğlunun təmiz məmur, “türk Qandisi” obrazı üzərində aparılan iş də bu məqsədə xidmət edirdi. Amma Türkiyədə sırf sol elektorat (etnik və dini azlıqlar, işsizlər və sinfi mənsubiyyətinə görə sosial nərdivanın aşağısında qərar tutan təbəqə) CHP-ni hələ də burjua partiyası, bürokratik status kvonun müdafiəçisi kimi qəbul edir. Bu təəssüratın güclənməsində AKP-nin apardığı təbliğatın da rolu olub.

Digər tərəfdən seçkiqabağı geniş siyasi çətir olma üçün situativ ittifaqlara girməsi status-kvoçuları (kemalist nizamın müdafiəçilərini) də CHP-dən məsafələnməyə sövq edir. II turda Zəfər Partiyası ilə imzalanmıış əməkdaşlıq sazişi CHP-nin kemalizmdən qopması ilə bağlı şübhələri artırdı. Həmin anlaşmada Zəfər Partiyasının əsas tələbi Konstitusiyanın Türkiyənin unitar sistemi, türklük anlayışı və dünyəvi rejimlə bağlı tələblərinin dəyişilməzliyi idi. Əslində bu tələblər kemalizmin də ana maddələridir, CHP-nin və Türkiyə Cümhuriyyətinin quruluş fəlsəfəsi bu maddələrə söykənir. Bu tələblərin digər partiyanın CHP-yə dəstəyin əsas şərtləri kimi qəbul edilməsi haqlı olaraq CHP-nin öz quruluş fəlsəfəsindən uzaqlaşmasının və buna verilən ictimai reaksiyanın sübutu kimi qəbul edirlər. Demək, bütövlükdə sol siyasət anlayışında, o cümlədən CHP-nin özündə dəyişikliklər qaçılmazdır. Türkiyə solunun kemalzimin təsirindən çıxması və ya yenə onun kölgəsində qalması Azərbaycanda da sol hərəkatın istiqamətinə təsir edəcək. Bələdiyyə seçkilərinə qədər yaranacaq yeni ittifaqlar, düşərgələr Azərbaycanda yenidən Türkiyə seçkilərinə marağı fanklub azarkeşlərinin marağı səviyyəsinə qaldıra bilər.
-Bu ara Azərbaycanda yenidən Türkiyə ilə konfederasiya və federasiya haqqında müzakirələr açılır. Kim tərəfindən başladılmasından və məqsədindən asılı olmayaraq bu müzakirələr zərərlidir. Erməni, İran, müəyyən qədər də Qərb və ərəb mediasında barəmizdə yaradılmaqda olan “öz xarici siyasətini müəyyənləşdirə bilməyən, sərbəst qərar qəbul etmək imkanı olmayan forpost ölkə” qavranışının güclənməsinə xidmət edir.
Cəmaləddin Quliyev, siyasi ekspert