"Seçkilərdən sonra ABŞ İrana daha ağır zərbə vuracaq..." - Anlaşma gələn ilə qaldı?
İran hakimiyyəti ABŞ ilə müharibəyə son qoymaq üçün uranın zənginləşdirilməsi üzrə imkanlarını əhəmiyyətli dərəcədə azaltmalıdır. Bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens “Reuters“ə müsahibəsi zamanı deyib.
“Əgər nüvə silahı istəmirsinizsə, o zaman nə üçün 60 faizə qədər zənginləşdirilmiş yanacağa ehtiyacınız var? Əgər nüvə silahı yaratmaqdan imtina etmək niyyətinizi nümayiş etdirmək istəyirsinizsə, yüksək zənginləşdirilmiş yanacaq istehsal etməyin. Bu, münaqişəyə son qoyulması məsələsində çox mühüm və fundamental məqamdır”, – Vens deyib.
Müharibədən öncəki vəziyyətlə indiki vəziyyəti təhlil etsək indi İran ABŞ-ın bu tələbini yerinə yetirərmi?

Alyans Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Musavat.com-a bildirib ki, müharibədən əvvəl ABŞ ilə İran arasında bir neçə raund danışıqlar aparılıb və bu danışıqlar heç bir nəticə verməyib: "Belə görünür ki, vitse-prezident Vens də bu danışıqların mahiyyəti barədə o qədər məlumatlı deyil. Çünki problem təkcə İranın uranı 60 faiz zənginləşdirməsi və 400 kiloqramdan artıq zənginləşdirilmiş urana malik olması deyil. ABŞ-nin əsas tələbi İranın uranı zənginləşdirməkdən imtina etməsi idi. İran şərti qəbul eləmədi və hərbi əməliyyatlar başladı.
İndiki şəraitdə 60 faiz zənginləşdirilmiş uranla bağlı müəyyən problemlər var. Ancaq bunlar həll olunan problemlərdir. Yəni tələb olunur ki, İran 60 faiz zənginləşdirilmiş uranı ABŞ-yə versin. İran bundan imtina edir. Lakin Rusiyaya vermək təklifini rədd eləmir. Belə bir təklif edib. Tamamilə mümkündür ki, 60 faiz zənginləşdirilmiş uran Rusiyaya verilsin və orada zəruri sonrakı addımlar atılsın. Əsas problem odur ki, İran uranı ölkə daxilində zənginləşdirməkdən imtina eləmək istəmir. Təbiidir ki, ölkə daxilində uran zənginləşdirilirsə təkcə AES-lər üçün tələb olunan 3,7 faiz uran, yaxud tibbi məqsədlər üçün tələb olunan 20 faizlik uranla yanaşı 60 faiz zənginləşdirilmiş uran da ortaya çıxır. Bu miqdarda urandan təxminən 10 nüvə başlığı istehsal etmək mümkündür”.
Ekspert qeyd edib ki, müharibədən əvvəl ABŞ-nin etdiyi təklifi İranın bu gün qəbul etməsi ehtimalı sıfıra yaxındır: “Baxmayaraq ki, müharibədə 5 mindən artıq İran vətəndaşı öldürülüb, İranın şəhərləri dağıdılıb, ölkə blokada şəraitində, iqtisadiyyata ağır yaralar vurulub və xalqın vəziyyəti ağırdır, bütün bunlar İranda söz sahibi olan qüvvələri narahat eləmir. Xalqın vəziyyəti prezidenti narahat edir. Onun da əlində real hakimiyyət, əsas səlahiyyət yoxdur. Çox güman ki, bu cür vəziyyətdə ən azından bu il ABŞ-nin İranla razılığa gəlməsi mümkün olmayacaq. Aralıq seçkilərdən sonra ABŞ İrana daha ağır zərbələr vuracaq, İran daha çox dağıntıya məruz qalacaq. Bundan sonra da İranın bəzi yüksək vəzifəli şəxsləri öz qələbələrini elan edəcəklər. Bəlkə də 2027-ci ildə ABŞ-nin İranla hansısa formada razılığa gəlməsi mümkün olsun. İran qarşılıqlı güzəştlər şərtinin qəbul edilməsi halında razılığa gedəcək”.