📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şəhid atası Mehriban Əliyeva müraciət etdi - "SOSİAL XİDMƏTLƏR AGENTLİYİ SÜRÜNDÜRMƏÇİLİK EDİR"

2022-04-01 16:06:00

Şəhid atası Mehriban Əliyeva müraciət etdi -

"Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində baş verən özbaşnalıqlara nə vaxt son qoyulacaq ?"

Bakı şəhəri, Nəsimi rayonu, İ. Həmidov küçəsi, ev 3, mənzil 49 ünvanında yaşayan, 44 günlük Vətən Müharibəsində Şəhid olmuş İlqar Burcəliyevin atası Vüqar Cavidan oğlu Burcəliyev tərəfindən Hurriyyetə müraciət edilib. Şəhid atası ölkənin birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Azərbaycan Respublikası Baş nazirinin müavini, cənab Əli Əhmədova acıq məktub-ərizə ilə müraciət etmişdir. Şəhid atası müraciət ərizəsini həmçinin redaksiyamıza da göndərmişdir. Müraciəti olduğu kimi dərc edirik:

"Yazıb Sizə bildirmək istəyirəm ki, oğlum Burcəliyev İlqar Vüqar oğlu 2019-cu ilin iyun ayının 22-də həqiqi hərbi xidmətə yollanmış və 2020-ci ilin sentyabr ayının 27-də başlanan Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək sentyabr ayının 27-də Talış kəndi, Talış yüksəkliyi və Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmançasına Şəhid olmuşdur. Ali Baş Komandan, Ölkə başçısı, cənab İlham Əliyevin məlum Sərəncamları ilə oğlum İlqar Vüqar oğlu Burcəliyev  “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Bildirmək istəyirəm ki, mən ailə üzvlərim həyat yoldaşım, bir oğlum və 70 yaşında olan anamla birlikdə kirayədə yaşayırıq. Sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə mənzillə təmin olunmağım barədə müraciət etmişəm. İlkin müraciətim zamanı mənə bildirmişdilər ki, ailə üzvlərimiz üç otaqlı mənzillə təmin olunacaq. Sonradan isə müxtəlif bəhanələrlə üç otaqlı mənzili iki otaqla əvəzləmək qərarına gəliblər. Mən ailə üzvlərimlə birlikdə və öhdəmdə 70 yaşlı bir anamla iki otaqlı mənzildə yaşamağımızda  bir  sıra çətinliklərin olaçağını nəzərə alaraq təklif olunan iki otaqlı  mənzildən  imtina  etdim. İndi bizim ailənin mənzillə təmin edilməsi böyük bir problemə çevrilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən süründürməçiliklərlə  qarşılaşmışıq. Hətta mən Şəhid atası olaraq səkkiz saata qədər Sosial Xidmətlər Agentliyində dəhlizlərdə gözləsəmdə heç kim tərəfindən qəbul olunmayaraq  problemin həlli istiqamətində köməklik göstərilməmişdir.

Ölkə başçısı, cənab İlham Əliyevin Şəhid ailələrinə, onların valideyinlərinə göstərilən xüsusi diqqət və qayğı eləcə də problemlərinin həlli istiqamətində vermiş olduğu xüsusi tapşırıqlar görəsən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin rəhbərliyinin heçmi vecinə deyildir? Belə olmasaydı yəqin ki, mən bir Şəhid atası olaraq  Agentliyin  dəhlizlərində  səkkiz  saata  qədər  gözlədilməzdim.

Hörmətli Mehriban xanım !

Sizdən bir Şəhid atası olaraq xahiş edirəm ki, sosial-məişət şəraitimizin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə mən və ailə üzvlərimin üç otaqlı mənzillə təmin olunması barədə göstəriş verməklə köməklik göstərəsiniz. Ümidvaram ki, 44 günlük Vətən Müharibəsinin Şəhid atası və Şəhid ailəsi olaraq səsimizə səs verərək bu kimi süründürməciliklərə son qoyulmasına yardımcı olacaqsınız".

QEYD: Mövzunu davam etdirəcəyik.

YƏHYA