Şəhid kapitanın xatirəsi anıldı
Azərbaycan cəmiyyətini dərindən sarsıdan helikopter qəzasında həlak olan şəhid kapitan Xəyyam Əliyevin 40 mərasimi keçirilib
Ötən ilin noyabrın ayının sonuncu günü Azərbaycan cəmiyyəti Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda helikopterin qəzaya uğraması ilə sarsıldı. Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması nəticəsində 14 nəfər hərbçinin həlak olması 31 il öncə Xocavənd rayonunun Qarakənd kəndi üzərində vertolyotun vurulması hadisəsi ilə bağlı acı xatirələrin unudulmadığı cəmiyyətdə yeni bir hüznlü tarix yaratdı. Artıq həmin hüznlü tarixdən 40 gündən artıq vaxt keçir.
Şəhid kapitan Xəyyam Əliyevin Suraxanı rayonunda keçirilən 40 mərasimində Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və Xidmətin əməkdaşları, eləcə də Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı Əsgər Xəlilov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Afət xanım Həsənova və Etibar Əliyev, Suraxanı Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi Rauf Məmmədov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini, Əməkdar artist Ağalar Bayramov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin əməkdaşları, Suraxanı Gənclər evinin direktoru, Şəhid Ailələrini Müdafiə Cəmiyyətinin sədri, “Canlı İşıqfor”un Vətənpərvərlik qrupu, o cümlədən şəhidin doğmaları və yaxınlarının iştirakı ilə məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
Şəhid kapitanın valideynlərinə dərin hüznlə başsağlığı verən RİH başçısı Əziz Əzizov qeyd edib ki, bu gün Şəhidlərimizin evi ziyarətgah yerimiz, fəxrlə açacağımız qapı və bir ömür boyu unutmayacağımız ünvandır. Allahdan Şəhidimizə rəhmət diləyən Əziz Əzizov onun özündən sonra əmanət qoyduğu 2 yaşlı körpə balasının da vətənpərvər ruhda böyüyəcəyinə əmin olduğunu bildirmiş və ailəsinə səbr diləmişdir.
Tədbirdə çıxış edən Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov haqq dünyasına qovuşmuş Şəhidimizin doğmalarına təskinlik verərək, belə igid oğullarımızla bütün Azərbaycan xalqının fəxr etdiyini söyləmişdir.
Xatırladaq ki, şəhid kapitan Xəyyam Əliyev Aviasiya Akademiyasında təhsil alıb və bundan sonra həyatını sözün birbaşa mənasında Dövlət Sərhəd Xidmətinə bağlayıb. Kapitan rütbəsinə kimi yükəslən Xəyyam Əliyev İkinci Qarabağ Müharibəsində yaxından iştirak edib, torpaqlarımızın işğaldan azad edilməsinə öz tövhəsini verib.
Şəhid Kapitanın qardaşı Fərman Əliyev də İkinci Qarabağ Müharibəsinin iştirakçısıdır.
Qarakənd kəndi üzərində vertolyotun vurulması nəticəsində həyatını itirən şəhidlərimiz 31 il sonra Azərbaycan xalqı tərəfindən unudulmadığı kimi, “Qaraheybət” aviasiya poliqonunda helikopterin qəzaya uğraması nəticəsində şəhid olan hərbçilərin xatirəsi də əbədi yaşayacaq.
Arzuman LOĞMANOĞLU