📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Şəki Siti"yə müştəri: 300 min manat təklif olundu, klub rəhbəri imtina etdi – ÖZƏL

2023-06-20 19:33:00

2022/23 mövsümündə Region Liqasında yarımfinala qədər irəliləyən, növbəti "sezon"da isə yeni yaradılan İkinci Divizionda iştirak etmək hüququna yiyələnən "Şəki Siti" klubuna müştəri var.

Azərbaycanda fəaliyyət göstərən iş adamlarından biri bölgə klubuna sahiblənmək istəyir. Bu məqsədlə Şəki təmsilçisi üçün 300 min manat təklif olunub. Həmin şəxsin kimliyi barədə hələlik məlumatımız olmasa da, təklif qüvvədədir.

Məsələ ilə bağlı "Şəki Siti"nin CEO-su və baş məşqçisi Elgün Hüseynovla əlaqə saxladıq. O, bunu təsdiqləyərək, təklif aldıqlarını söylədi. Fəqət Hüseynov klubu satmaq niyyətində olmadıqlarını bildirdi:

"Bəli, bugünlərdə bizə 300 min manat məbləğində təklif olub. Lakin klubu satmaq niyyətimiz yoxdur. Şəkidə futbol adına canlanma yaratmaq, rayonumuzu yeni mövsümdən İkinci Divizionda layiqincə təmsil etmək istəyirik. Məqsədimiz Şəkidə futbolu inkişaf etdirmək, gələcəkdə Avropa arenasına çıxmaqdır. Hər zaman çalışırıq/çalışacağıq ki, Şəkidə olan istedadları üzə çıxaraq və onların inkişafına töhfə verək". \\Offsideplus.az