Sələflərdən ancaq qəbahətləri əxz edənlərə efiri ETİBAR ETMƏK OLMAZ
Bir neçə il bundan əqdəm Romanın katakombalarının elmi bərpaya möhtac qalması barədə məsələ qalxanda birinci biz sinəmizi qabağa verdik. Katakombaların nə olduğunu, orada nələrin mütləq bərpa edilməsinin vacibliyi və s. bu kimi incə mətləbləri biz rəiyyət o qədər də ətraflı bilmirik. Bu YAP-ın basavad xadimlərinin işidir. Əlqərəz, ətək-ətək xərc çəkildi, burada Azərbaycanda yüzlərlə məskən yerlə-yeksan olan vaxtda biz Vatikana tələb olunan məbləği verdik. Bu həmin Vatikandır ki, səlib yürüşləri zamanı müsəlmanların qocalarının da, körpələrinin də qılıncdan keçirilməsini əmr etmişdi, “siz qırın, heç kimə rəhm etməyin, o dünyada Allahın özü kimin günahsız olduğunu özü müəyyən edəcək...” Katakombalarda bərpa işləri aparıldı, Vətənin yarısı viran edilmiş bir azərbaycanlıda cəsarət çatmadı ki, iqtidardan soruşsun, maqnatların, rüşvətxorların ölkəni daxildə tarac etdilər, bu sizlərə az oldu, amma indi sizə kim ixtiyar verib ki, Qarabağ dəhşətlərini vecinə almayan katolik kilsəsi üçün belə canıyananlıq edirsiniz? Az keçdi, çox keçdi, Roma papası uşaq qatillərinə xeyir-dua verən erməni katolikosunu bağrına basdı.
Bu günlərdə də eşidirik ki, katolik kilsəsinin Bakı nümayəndəsi erməni əməllərini pisləyən müraciətə qol qoymayıb. Belə lap əcəb edib, bizim kimi arsızlara bu da azdır. İndiyə qədər başımıza min belə həqarət yağdırılıb, hansından nəticə çıxarmışıq?
...70 il ərzində bizim zavallı tarixçilərin qarşısına Moskva irticasının qoyduğu direktivlər bunlar idi:
1. Qərinələr boyu ruslar istisna olmaqla Azərbaycana girənlərin hamısı düşmən, qaniçən olublar. Onlar özləri ilə bu torpağa zülmdən, cəhalətdən başqa heç nə gətirməyiblər. Bu torpağa maarifçiliyi də, elmi də, mədəniyyəti də ruslar gətirib. Azərbaycanın kommunist tarixçilərinin birinci vəzifəsi rusların bu nəcib rolunu layiqincə vəsf etməkdir.
2. Bakıda, Qubada, Şamaxıda minlərlə müsəlmanın qətlə yetirilməsini təşkil edib, ümmanlar qədər qan tökmüş şanlı komissarların adları əbədiləşməlidir. (Əbədiləşdi də, Bakının ən gözəl küçələrinə, rayonlara, müəssisələrə erməni qatillərinin adları verildi)
3. Rusların hara ayaqları dəyibsə, ora qoruğa dönməlidir. Yeseninin partiya məmuru Çaqinlə əyyaşlıq etdiyi evi muzeyə döndərdik, Qafqaz xalqlarının düşmənlərini mədh edən Puşkinə heykəl qoyduq.
4. Azərbaycan gəncliyinə təlqin olunmalıdır ki, vaxtilə Müşfiqdən “danos” yazanları, Əhməd Cavadın şeirlərini oğurlayanları, Cavidə xalq düşməni deyənləri, tarixi şəxsiyyətləri ləkələyənləri əgər Kommunist partiyası lazım bilib laureat, ad-san yiyəsi edibsə, gənclik də bunu qanun bilməlidir.
Dəhşətlisi də bu idi ki, tarixi şəxsiyyətləri gorbagor edənlərə söz demək olmurdu. Partiya aparatı, ədəbiyyat institutunun alimnümaları onları yaxşı qoruyurdular. Bu murdar ənənə hələ də davam edir, görün nə qədər vaxt keçib, millətin mənən sındırılmasında Moskva irticasına kömək etmiş “korifeyləri” yenidən hörmətə mindirilmə əməliyyatı gedir. Televizora baxmaq olmur, onu görürsən ki, özünü filoloq sayan pulgir nadan bütün həyatı boyu kommunist ideyalarına canla-başla qulluq etmiş bir “korifeyi” elə tərifləyib, asimana qaldırır ki, elə bil söhbət dahidən gedir. Mətbu söz urvatdan düşüb durub belə yaltağı, ona danışmaq imkanı vermiş telekanal sahibini mətbuatda rüsvay edirsən, oxuyan da az, heç reaksiya verən də olmur. Arsızlara da sözümüz əsər etmir. Mən heç vaxt təsəvvür etməzdim ki, müstəqillik dövründə, yazdıqları tarixin zibilliyinə atılmış əyalət şairləri, yazıçıları yenə də hörmət, izzət sahibi olacaqlar. Axı mən bunların əksəriyyətini tanıyırdım, əsərlərini də oxumuş, çıxışlarını da dinləmiş, neçəsi ilə də həmsöhbət olmuşdum. Tək-tükü istisna olmaqla əksəriyyətinin vətənpərvərliyi Mərkəzi Komitənin qoyduğu, təsdiq etdiyi çərçivədən bir millimetr də qırağa çıxmırdı. Həm millətimizi qırıb çatmış rus-sovet cəlladlarını, Şaumyan kimi qatilləri, həm kollektivləşmə illərində minlərlə insanın ilim-ilim itirilməsində günahkar olan komsomol fəallarını tərifləyir, onlara şeirlər, oçerklər həsr edirdilər.
Xəlil Rza Ulutürk kimi cəfakeşə xalq düşməni deyən Əli Vəliyevin, Əhməd Cavada düşmən olduğunu fəxrlə yazan S.Vurğunun, Bakını qana qərq etmiş mənfur komissarlara ssenari həsr etmiş İsa Hüseynovun yanında müsavatdan danışmaq olardı?
Bəziləri deyəcək ki, vaxtilə yazıçıların məclislərində nüsxəbəndlik etmiş, hamını susduran süleymanrəhimovlar, imranqasımovlar, mirzə ibrahimovlar və digər ədəbiyyat əyanlarının dövranı ötüb, indi başqa zamanadır. Səhviniz var, “əhdi ətiqə” deyildiyi kimi hər şey yenə əvvəlki məhvərinə qayıdıb. Telekanalları, mətbuatı izləyin, görün kimlərin törəmələri, müridləri yenə də təriflənirlər, söz yiyəsi olublar. Hörmətli oxucularımın müsahidəsi ilə sözü burada qoyub başqa mətləbə keçmək istəyirəm. Səbəb də televizorda göstərilən konsertdir, sazəndələr çalır, gənc xanəndələrimiz də maşallah gözəl oxuyurlar. Məni ən çox əsəbiləşdirən, təbdən çıxaran yaradılan fondur, xovsuz xalçaların aramsız göstərilən həndəsi naxışları və yerə sərilmiş ayaqaltılardır. Dəfələrlə yazmışam ki, bizim rejissor və rəssamların çoxunu xüsusi kurslara göndərmək lazımdır ki, onlar doğma xalqlarının ornamentalistikasını tamam-kamal öyrənsinlər, orta əsrlər dövrünün etiketini, əlbisə, rəsmi mərasimlərdə bağlı oxunan havacat mənimsəsinlər. Vaxtilə rəhmətlik böyük aliminiz Lətif Kərimov qədim muğamların bizim xalçaların nəbati naxışları ilə üzvi bağlılığı barədə müəyyən fərziyyələr demişdi. Mən də uzun illər bu məsələ ilə maraqlanmışam, onu dəqiq öyrəndim ki, bizim ən qədim muğam havaları nəbati naxışlı xalçalarda kodlaşıb. Özlərindən başqa heç kimi bəyənməyən ədalı rejissorların nəzərinə çatdırıram ki, muğamdan söhbət gedəndə tərəkəmə alaçıqlarında yerə sərilən kilim və palazları ekran boyu göstərmək nadanlıqdır. Dəfələrlə yazmışam, istənilən yerdə də sübut edə bilərəm ki, bizim rəssam və rejissorlarımızın çoxu dekorativ sənətimizin əlifbasını bilmir. Hərə bir fəxri adı üzünə sipər kimi tutub, söz demək də olmur. Mədəniyyət telekanalının rejissorları, tərtibatçı rəssamları hələ indiyə qədər başa düşməyiblər ki, səmavi havacat sayılan muğamı həndəsi naxışlı xovsuz xalçaların fonunda ifa etməzlər. Klassik muğamların nə vaxt, harada, necə ifa olunmaları barədə onlarla risalə, əsər var. Onların əksəriyyəti yaxın şərq ölkələrində çap olunub. Bizim bir neçə qeyrətli tədqiqatçı bu mövzuda dəyərli məqalələri ortaya qoyublar. Amma bizim tele dahilərimiz bunları nəinki öyrənməyiblər, heç öyrənmək də istəməyiblər. Hörmətli kanal sahibləri Vəzni, Zili, Kilim, Palaz, Şəddə, Sumax, Cecim, bunların naxışları, ümumiyyətlə çeşniləri muğamla tutmur. Studiyada konsert zamanı yerə atılmış rus ayaqaltılarına baxanda mən şəxsən utanıram. Ayıbdır, vallah ayıbdır, axı bununla siz ülviyyətə çatmış muğam kimi möcüzəni hörmətdən salırsınız. Bunu inkar eləmək olmaz ki, sələflərə layiq bizdə yaxşı muğam ifaçıları yetişib. Mən daha yüksəksəviyyədə göstərilən diqqətdən danışmıram. Bu ulu sənətin təbliğatını pulgir cahillərə, klassik irsdən başı çıxmayan telelotolara etibar etmək cinayətdir.
Firuz Haşımov