📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şəmkirdə özünü doğradığı iddia edilən şəxsi polis öldürüb?

2022-05-10 12:33:00

Şəmkirdə özünü doğradığı iddia edilən şəxsi polis öldürüb?

Mərhum Arzu Cabbarovun sensasion səs yazısı “Hürriyyət”də: “Aqil, özünü tez xəstəxanaya çatdır, damarımı kəsiblər”

Hadisənin yeganə şahidi olan şikayətçi qadın artıq 3 gündür polis bölməsində saxlanılır…

Xəbər verildiyi kimi, Şəmkirdə qolunu kəsən şəxs xəstəxanada ölüb. Rəsmi məlumata əsasən, rayon sakini, 1968-ci il təvəllüdlü Arzu Cabbarov Şəmkir şəhərinin Xəqani küçəsində qolundan kəsilmiş-deşilmiş xəsarət alıb. Dərhal xəstəxanaya yerləşdirilən A.Cabbarova tibbi yardım göstərilsə də, onun həyatını qurtarmaq mümkün olmayıb.

İddia olunur ki, Şəmkir sakini şüşə ilə qoluna xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin Regional Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, may ayının 7-də, saat 17:50 radələrində Şəmkir sakini olan bir qadın rayon Polis Şöbəsinə müraciət edərək, tanışı Arzu Cabbarov tərəfindən təhqir olunaraq döydüyünü bildirib və kömək istəyib.

Qeyd olunub ki, müraciətlə əlaqədar polis əməkdaşları dərhal hadisə yerinə gedərkən, həmin qadınla barəsində şikayət olunan şəxsin mübahisəni davam etdirdiyini gördükdə vətəndaş Arzu Cabbarov ilə profilaktiki söhbətlər apararaq, onu sakitləşdirməyə çalışıblar.

“Lakin Arzu Cabbarov öz aqressiv hərəkətlərini davam etdirərək, polisin qanuni tələblərinə tabe olmayıb, evin qapısındakı pəncərənin şüşəsini sındıraraq həmin şüşə ilə sol qolunun dirsək bükümünü kəsib. Polis əməkdaşları dərhal ona ilkin tibbi yardım göstərərək Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Arzu Cabbarov dərhal əməliyyat edilsə də, əməliyyatdan az sonra vəfat edib. Hazırda fakt Daxili İşlər Nazirliyinin və Respublika Baş Prokurorluğunun diqqətindərir, araşdırmalar davam etdirilir”, - deyə DİN-in Regional Mətbuat xidmətindən bildirilib.

Lakin "Hürriyyət"in əldə etdiyi faktlar rəsmi mənbələrin informasiyasını tamamilə təkzib edir. Biz mərhum Arzu Cabbarovun xəstəxanaya gedərkən, yolda bacısı oğluna göndərdiyi səs yazısına istinadən bu qənaətə gəlmişdik. Hansı ki, A.Cabbarov həmin səs yazısında damarının kənar şəxslər tərəfindən kəsildiyini bildirir: “Aqil, məni doğrayıblar, özünü tez xəstəxanaya çatdır, damarımı kəsiblər”. Bunun ardınca, mərhum bacısı oğluna göndərdiyi səsli mesajda təkrarən onun tez xəstəxanaya gəlməsini istəyir.

“Hürriyyət”in əldə etdiyi başqa bir məlumata görə, Arzu Cabbarov barəsində polisə şikayət etdiyi iddia olunan qadın 3 gündür ki, Şəmkir Rayon Polis Şöbəsində saxlanılır. İddialara əsasən, şöbədə qadından tələb edilir ki, mərhumun “özünü öldürməsini” təsdiq etsin.

Bütün bunlardan sonra, ortaya maraqlı bir sual çıxır: əgər polisin bəyan etdiyi kimi, həqiqətən də Arzu Cabbarov özünə qəsd edibsə, niyə şikayətçi qadın artıq 3 gündür polis bölməsində saxlanılır?!

Mərhumun yaxınlarının verdiyi məlumata görə, hadisə vaxtı insident yaşanıb. Baş vermiş hadisənin şahidi isə, hadisə yerinə gələn polis əməkdaşları və həmin qadındır, o da qeyri-müəyyən səbəblərdən iki gündür polis şöbəsinin zirzəməsində saxlanılır. Bu isə belə söz-söhbətlərə rəvac verib ki, qadının hələ də buraxılmaması bir çox mətləblərin gizlədilməsinə cəhd olunması ilə əlaqədardır...

Mərhumun ailə üzvlərinin "Hürriyyət"ə göndərdiyi məktubda da qeyd edilir ki, Arzu Cabbarov 07.05. 2022-ci il tarixdə təqribən saat 16-17 radələrində hələ adı məlum olmayan Şəmkir RPŞ-nin əməkdaşı tərəfindən qətlə yetirilib. Hazırda qətlin təfərrüatları, hadisənin başvermə səbəbi və hadisənin yeganə şahidinin taleyi haqqında məlumat yoxdur. Məktubda o da qeyd edilir ki, hadisənin yeganə şahidinə baş vermiş qətlin əsl səbəbini gizlətmək məqsədilə təzyiq edilir.

A.Cabbarovun ailə üzvləri Şəmkir RPŞ və Şəmkir Rayon Prokurorluğu tərəfindən hadisənin təfərrüatlarının saxtalaşdırıldığını iddia edirlər.  Onlar aidiyyatı qurumlardan hadisənin yeganə şahidinin təhlükəsizliyinin təmin edilməsini və gerçəklərin ortaya çıxarılmasını xahiş edirlər.

 

YƏHYA

Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.