📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Sentyabrın sonuna doğru daha ciddi hərbi əməliyyatların başlanması mümkündür" - KƏNAN NOVRUZOV

2023-09-05 14:42:19

"Ermənistanın sabotaj cəhdlərini də nəzərə alsaq, deməliyik ki, bu ay ərzində hərbi hərəkətliliyin artması gözləniləndir"

"Ermənistan silahlı qüvvələrinin bölmələri dünən Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bundan başqa, Naxçıvan istiqamətindəki mövqelərimiz də atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, Azərbaycan ordusu adekvat tədbirlər görüb. Sentyabrın 1-də şərti sərhəddə yaşanan gərginlik çox çəkmədi. Cəbhədə vəziyyət tez bir zamanda sakitləşdi. Həmin hərbi toqquşma nəticəsində erməni tərəfi ən azı 4 itki verdi. Sentyabrın 2-də Ermənistan baş naziri Nikol Paşinyan qondarma respublikanın “Müstəqillik Günü” ilə bağlı çıxış etdi. O, çıxışında Azərbaycana ərazi iddiaları ilə çıxış etdi". Hurriyyet.az-ın məlumatına görə, bunu Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov bildirib.

Ekspert qeyd edib ki, bunun əsas səbəbi daha çox Qarabağ ermənilərinə xoş gəlmək idi, lakin buna baxmayaraq, Paşinyanın son iddiaları onun sülhlə bağlı daha əvvəl səsləndirdiyi bəyanatlar, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü tanımasına dair açıqlamaları ilə üst-üstə düşmür: "Doğrudur, Paşinyanın xarici siyasət kursu sürüşkəndir. Onun bu gün dediyi ilə dünən dediyi uzlaşmaya bilər. Ümumiyyətlə, Ermənistan hökumət başçısı çətin proqnozlaşdırıla bilən siyasətçidir. Bunun əsas səbəbi isə baş nazirin nəinki iki, bir neçə daş arasında qalması və ona kənardan göstərilən təzyiqlərdir. Paşinyanın son bəyanatları ilə dünən mövqelərimizin növbəti dəfə atəşə tutulması əslində eyni ritorikanın hərbi və siyasi müstəvidə ifadəsidir".

Kənan Novruzovun fikrincə, hərbi provokasiyaların qarşıdakı günlərdə də təkrarlanması mümkündür: "Bu isə öz-özlüyündə regional sabitliyə təhdid yaratmaqla yanaşı, həm də növbəti hərbi əməliyyatların başlamasına rəvac verə bilər. Bir çox ekspertin fikrincə, sentyabr ayı Azərbaycan ordusu xüsusi əhəmiyyətlidir. Əslində bu, doğrudan da, belədir. Ermənistanın sabotaj cəhdlərini də nəzərə alsaq, deməliyik ki, bu ay ərzində hərbi hərəkətliliyin artması gözləniləndir. Ermənistanın təxribatları dayanmazsa, rəsmi İrəvan ritorikasını dəyişdirməzsə, sentyabrın sonuna doğru daha ciddi hərbi əməliyyatların başlanması mümkündür. Bu, Paşinyanın regional siyasətinə də təsir edəcək".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az