📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

SEPAH mediası Qarabağda gedən proseslərdən narahatdır...

2023-09-26 15:34:55

SEPAH mediası Qarabağda gedən proseslərdən narahatdır...

İran media məkanı Qafqazda gedən proseslər, Azərbaycan-Türkiyə-Ermənistan əlaqələrində Zəngəzur dəhlizi ilə bağlı ritorikanın artdığını qaynar müzakirə edir. Belə ki, SEPAH-a bağlı “Tasnim News” bu mövzuya toxunub.

Sayt yazır:

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bazar ertəsi Naxçıvana səfəri Azərbaycan ictimai rəyində Zəngəzur dəhlizi layihəsi ilə bağlı müzakirələri artırıb. Bakının iddiasına görə, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında kommunikasiya marşrutunun yaradılması nəzərdə tutulur.

Azərbaycan və Türkiyə rəsmilərinin Zəngəzur dəhlizinin açılması ilə bağlı yanaşmaları arasında yeganə fərq odur ki, Bakı bu layihənin baş tutmamasında Ermənistanı günahlandırsa da, Türkiyə əsas problemin Ermənistan deyil, İran olduğunu bildirir.

Bazar ertəsi Naxçıvanda mətbuata birgə bəyanatla çıxış edən Türkiyə və Azərbaycan liderləri gözlənilənlərin əksinə olaraq, Zəngəzur dəhlizi ilə bağlı fikir bildirməsələr də, bu mövzunun təkbətək görüşdə müzakirə olunduğu istisna edilmir. Çünki bəzi analitiklər hesab edir ki, Qarabağa nəzarəti ələ keçirən Bakı bütün səylərini əvvəllər dəfələrlə vurğuladığı Zəngəzur dəhlizi hədəfinə yönəldəcək.

Cənubi Qafqaz üzrə analitik Tomas de Vaal hesab edir ki, Ərdoğanla Əliyev arasında keçirilən görüşdə əsas müzakirə xətti Zəngəzur dəhlizi məsələsi olub.

Tomas de Vaal “X” hesabında yazıb: “Qarabağın Azərbaycan Ordusu tərəfindən azad edilməsindən bir neçə gün sonra Azərbaycan və Türkiyə prezidentləri Əliyev və Ərdoğan böyük ehtimalla Ermənistan hökumətinə Zəngəzur dəhlizinin açılması ilə bağlı ultimatum verəcəklər və öz qüvvələrini orada toplayan Rusiya da bu məsələ ilə razılaşır...".

Ülviyyə, Hurriyyet.az