Sərdar Berdiməhəmmədov: Türkmənistan Azərbaycanın AQEM-ə sədrliyinə xüsusi dəstək göstərir
Türkmənistan süni intellektlə bağlı beynəlxalq məcəllənin yaradılmasını təklif edir.
Hurriyyet.net xəbər verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün plenar iclasında deyib.
O bildirib ki, Türkmənistan Azərbaycanın AQEM-ə sədrliyinə xüsusi diqqət və dəstək göstərir.
Berdiməhəmmədov qeyd edib ki, hazırda dünyada dərin geosiyasi və geoiqtisadi transformasiyalar baş verir. Onun sözlərinə görə, beynəlxalq hüquq və BMT Nizamnaməsinin müddəaları mövcud çağırışların həllində mühüm rol oynayır.
Türkmənistan Prezidenti bildirib ki, ölkəsi 2028-ci ilin Beynəlxalq Hüquq İli elan edilməsini təklif edib.
O, beynəlxalq hüququn və qabaqlayıcı diplomatiyanın dövlətlər arasında dialoqun vacib elementləri olduğunu vurğulayıb.
Berdiməhəmmədov BMT-nin Mərkəzi Asiya üzrə Regional Preventiv Diplomatiya Mərkəzinin Aşqabadda yerləşdiyini xatırladaraq, bu istiqamətdə AQEM ölkələrinin dəstəyinin vacibliyini qeyd edib.
Prezident ticarətin inkişafı, etibarlı logistikanın təmin edilməsi, nəqliyyat zəncirlərinin gücləndirilməsi və mövcud marşrutların inkişaf etdirilməsinin əhəmiyyətinə də toxunub.
Onun sözlərinə görə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat marşrutlarının gücləndirilməsi, eləcə də bu sahələrdə təcrübə mübadiləsinin aparılması vacibdir.
Türkmənistan Prezidenti rəqəmsal həllərin, süni intellektin və digər qabaqcıl texnologiyaların iqtisadi inkişaf üçün yeni imkanlar yaratdığını bildirib.
Berdiməhəmmədov süni intellekt sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə beynəlxalq məcəllənin yaradılması təşəbbüsünü irəli sürüb.