Sərdar Cəlaloğlunun Əli Kərimlini müdafiə etməsi kimləri narahat edir?
Yaxud ADP sədrinə qarşı hücumların, qarayaxma kampaniyalarının arxasında hansı maraqlar dayanır?
Son günlər ADP lideri Sərdar Cəlaloğlunun AXCP sədri Əli Kərimlinin məhkəməsində verdiyi ifadə istər mətbuatda, istər də sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib. Əslində, bütün bunlar S.Cəlaloğlunun internet kanallarından birinə verdiyi müsahibədən sonra başlayıb. Söhbət ondan gedir ki, ADP lideri öz ifadəsində Ə.Kərimlini dövlət çevrilişi etmək, daha doğrusu hakimiyyəti güc yolu ilə ələ keçirmək istədiyi haqda iddiaların absurd olduğunu bildirib.
Təbii ki, bu açıqlama Kərimli tərəfdarları, o cümlədən AXC-nin bir çox funksionerləri tərəfindən müsbət qarşılansa da, sonradan Sərdar Cəlaloğlunun müsahibəsindəki bir cümləlik fikrin “başına ip salıb” fırlatmağa çalışırlar.
Söhbət hansı fikirdən gedir? ADP sədri müsahibəsində bildirib ki, məhkəmə zamanı AXCP rəhbəri ona “mən istintaqla əməkdaşlıq etməmişəm”, - deyib. Əlavə edib ki, bu zaman Əli Kərimli ilə tam üz-üzə dayandığından, onun gözlərinin dolduğunu və riqqətə gəldiyini görüb...
Maraqlıdır ki, Sərdar Cəlaloğlunun məhkəmədə Əli Kərimlini açıq şəkildə dəstəkləməsinə baxmayaraq, bəzi AXCP fəalları və vaxtilə Kərimlinin yaratdığı “troll şəbəkəsi”nin üzvləri ADP liderini “hansısa dövlət qurumunun sifarişini yerinə yetirməkdə” ittiham edirlər. Bu səbəbdən, müxtəlif sosial şəbəkə platformalarında Sərdar bəyin ünvanına ağır, təhqiramiz ifadələr yazırlar.
Təbii ki, bu şəxsləri S.Cəlaloğlunun “Əli Kərimlinin gözlərinin dolması və riqqətə gəlməsi” haqda dedikləri ifadə narahat edib. Hətta Əli Kərimlinin vəkili Bəhruz Bayramov da özünün “Facebook” hesabında Sərdar Cəlaloğlunun məlum ifadəsini öz başa düşdüyü tərzdə yozub. O, yazıb ki, guya ADP sədri məhkəmədə “Əli Kərimlinin ağladığını” bildirib. O cümlədən, AXCP-nin bəzi funksionerləri də təxminən eyni cür mövqe nümayiş etdirərək, S.Cəlaloğluna qarşı hücüma keçiblər. Onlar iddia edirlər ki, Sərdar Cəlaloğlu hansısa qurumun sifarişi ilə Əli Kərimlini zəif xarakterə malik insan kimi göstərməyə, bununla da onun nüfuzunu zərbə altında qoymağa çalışıb.
Öncə dəyərli oxucuların diqqətinə çatdıraq ki, “riqqətə gəlmək” ifadəsi heç bir halda zəiflik əlaməti deyil və izahlı lüğətimizdə “dərin təsirlənmək, mütəəssir olmaq, ürəyi yumşalmaq” mənalarını verir. Bu ifadə adətən “şəfqət, sevinc, həyəcan və ya mərhəmət hissinin oyanması” nəticəsində yaranan daxili duyğulanmanı bildirir. Çox maraqlıdır ki, istər Əli Kərimlinin vəkili, istər də onu müdafiə edən partiya funksionerləri bu ifadənin mənasını çox yaxşı anlasalar da, üstəlik, Sərdar Cəlaloğlunun məhkəmədə açıq şəkildə Əli Kərimlini müdafiə etdiyini bildikləri halda, ADP sədrinə qarşı “səlib yürüşünə” keçiblər.
Ə.Kərimlinin məhkəmədə gözlərinin dolması haqda açıqlamaya gəldikdə, şübhəsiz, burada qeyri-adi heç nə yoxdur və hansısa fikirdən mütəəssir olan şəxsin gözlərinin dolması sadəcə insani duyğuların təcəssümüdür. Ürəyində mərhəmət hissi, vicdan və ləyaqəti olan hər bir şəxsin bu və ya digər halda, hətta hansısa duyğusal filmdə baş verən hadisədən təsirlənərək gözləri yaşara bilər. Yəni gözlərin dolması insana xas xüsusiyyətdir və yalnız vicdansız, mərhəmətsiz, “daş ürəkli” şəxslər bu xüsusuyyətdən məhrum ola bilərlər. Görünür, Əli Kərimli ikinci kateqoriyaya aid olmadığından, gözlərinin dolması da tamamilə başadüşüləndir.
.jpg)
O ki qaldı, vəkilin təbirincə desək, Əli Kərimlinin gözlərinin dolmasını yalnız Sərdar Cəlaloğlunun görməsinə, şübhəsiz, bu da normal haldır. Ən azı ona görə ki, AXCP sədri “mən istintaqla əməkdaşlıq etməmişəm” deyərkən məhz S.Cəlaloğlu ilə üz-üzə olub. Yəni Kərimli məhkəmə zamanı Sərdar bəyə söz demək istədiyini bildirib və ADP sədri bu zaman hakim heyətindən icazə alaraq ona yaxınlaşıb. O isə, əksinə, hər kəsin eşidə biləcəyi şəkildə “mən istintaqla əməkdaşlıq etməmişəm, Sərdar bəy” deyib. Bu zaman onun gözlərinin dolduğunu və riqqətə gəldiyini görən ADP sədri “bilirəm Əli bəy, bu haqda məlumatım var”, - deyə cavab verib. Şübhəsiz, bu zaman AXCP sədrinin gözlərinin dolmasını kənardan görmək heç də asan olmazdı, ən az ona görə ki, ona yaxın oturan şəxslər ən azı bir neçə metr aralıda olurlar. Həmin şəxslərdən, o cümlədən də vəkil Bəhruz Bayramovan fərqli olaraq S.Cəlaloğlu isə Ə.Kərimli ilə tam üz-üzə dayandığı üçün onun müşahidə etdikləri kənardan görünməyə də bilər...
Əlbəttə, bəlkə də məsələnin bu cür xırdalığına gedilməsinə zərurət yox idi. Amma iki müxalif partiya, xüsusilə də iki müxalif lider arasında bilərəkdən, ya bilməyərəkdən nifaq toxumu səpmək istəyənlərə aydın olsun deyə bu haqda yazmaq qərarına gəldik. Güman edirik ki, Əli Kərimliyə “ayı xidməti” göstərənlər bir daha dərindən düşünəcək və xüsusilə indiki ərəfədə AXCP sədrini açıq şəkildə və rəsmi olaraq dəstəkləyən yeganə müxalif partiyanın - Demokrat Partiyasının liderinə qarşı bu cür cəfəng, sərsəm iddialara və sayğısızlığa son qoyacaqlar. Hər halda, daxilində azca da olsa vicdanı olan hər bir AXCP üzvü indiki ərəfədə Sərdar Cəlaloğlunu tənqid və təhqir etməkdənsə, ona minnətdar olmalırdılar.
Jalə FAMİLQIZI
P.S. Fikirlərimiz yanlış anlaşılmasın deyə sonda onu da bildirək ki, şübhəsiz, Sərdar Cəlaloğlu məhkəmədə Əli Kərimlini müdafiə edərkən heç də onun tərəfdarlarına, yaxud vaxtilə yaratdığı “troll şəbəkəsi”nə xoş gəlsin deyə bu addımı atmayıb. Bu, ADP sədrinin demokratik qüvvələrin lideri kimi öz prinsiplərinə sadiqlik göstəricisi olmaqla yanaşı, həm də insanlıq borcudur. Bu baxımdan, onun fikirlərinin hansısa şəxslər tərəfindən yalnış anlaşılması, daha dəqiq desək cəmiyyətə yanlış təqdim edilməsi sadəcə təəssüf doğurur.