"Sərhəddə, bölgədə yeni təxribatlara hazır olmaq lazımdır" - NATİQ CƏFƏRLİ
"Dayanıqlı, özü də Qərbin moderatorluğu ilə yarana biləcək sülh Kremli sakit qoymayacaq"
"Praqada baş tutan danışıqlar, əldə edilmiş bəzi razılaşmalar bölgəmizdə dayanıqlı və ədalətli sülhün, Azərbaycanla Ermənistan arasında, o cümlədən Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün, kövrək də olsa, ümidlər yaradır. Amma dünən axşamdan Rusiya TV kanallarında, mətbuatında açıq-aşkar bu anlaşmaları sual altına qoyan bəyanatlar səsləndirilir. Müstəsna həyasızlıqla deyirlər ki, bu məsələdə həlledici rol, tərəflərə yeganə təsir edə biləcək güc Kremldir və rəsmi Moskvanın birbaşa iştirakı olmadan bölgədə sülh mümkün deyil". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib.
Bu səbəbdən də politoloq hesab edir ki, sərhəddə, bölgədə yeni təxribatlara hazır olmaq lazımdır: "Cənubi Qafqazda sülh istəməyən ən böyük maneə Rusiyadır, dayanıqlı, özü də Qərbin moderatorluğu ilə yarana biləcək sülh Kremli sakit qoymayacaq. Çünki bütün məsələlərin köklü həlli Moskvanın regiona təsir rıçaqlarını azalda bilər. Bu isə 18-ci əsrin İmperiya modelini 21-ci əsrdə özünün ideologiyası və davranış qaydası elan etmiş Rusiya üçün əsrlərdir qurduğu primitiv “oyun qaydalarının” pozulması demək olar. Bir daha qeyd etməkdə yarar var ki, bu gün Ukrayna ordusu, xalqı bir tək öz müstəqilliyi, azadlığı üçün deyil, həm də keçmiş post-sovet ölkələrinin taleyi üçün azğınlaşmış 18-ci əsr təfəkkürlü İmperiya ilə vuruşur, mübarizə aparır".
Natiq Cəfərlinin fikrincə, məhz buna görə də Ukraynanın uğuru bütün dünyanın, ən çox da post-sovet məkanının uğuru olacaq.
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az