Sərnişinlər Gəncədəki 7 nömrəli marşrutun fəaliyyətindən narazılıq edirlər - VİDEO
Sərnişinlər Gəncə şəhərində yeni istismara verilmiş "Baku Bus" MMC-nin avtobuslarının fəaliyyətindən narazılıq edirlər.
Hurriyyet.Media -nın məlumatına görə, Göygöl rayonunun Yeni Qızılca kəndi Gəncənin yaxınlığında yerləşdiyindən burada yaşayanların böyük əksəriyyəti gündəlik olaraq müxtəlif işlərlə bağlı bu şəhərə gedib-gəlir.
Ancaq hazırda sakinlərə xidmət göstərən avtobusların fəaliyyəti onları qane etmir. Sakinlər deyirlər ki, bu avtobuslar həm köhnədir, həm də axşam saatlarında işi tez dayandırır. Bu isə onlara çətinliklər yaradır.
Yeni Qızılca sakinləri deyirlər ki, Gəncə şəhərində yeni istismara verilmiş "Baku Bus" MMC-nin avtobusları kəndin yaxınlığınadək gəlir. Bu marşrut xəttini iki kilometr uzatmaqla məsələ həll edilə bilər.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, 7 nömrəli marşrut Gəncədə şəhərdaxili olduğundan onun hərəkət sxeminin qeyd edilən istiqamətdə dəyişdirilməsi məqsədəuyğun hesab edilmir. Hazırda Yalıqışlaq - Gəncə müntəzəm avtobus marşrutu mövcuddur ki, xətt üzrə sərnişinlərə müasir və komfortlu avtobuslarla xidmət göstərilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.