Şərqlə Qərbi birləşdirən nəhəng layihə Azərbaycandan KEÇƏCƏK - Avropaya gedən uzun yol...
Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Çinin Sian terminalından Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişi mərasimini videobağlantı ilə izləyiblər.
Qeyd edək ki, konteyner qatarının Çinin Sian şəhərində istismara verilmiş Qazaxıstana məxsus Nəqliyyat-Logistika Mərkəzi tərəfindən yola salınması Orta Dəhlizin bütün iştirakçıları üçün böyük əhəmiyyət kəsb edir. Altmış bir konteynerdən ibarət qatar uzunluğu 7 min kilometr olan marşrutu (Siandakı Qazaxıstan terminalı-Aktau-Abşeron stansiyası) 11 günə qət edib. Multimodal daşıma zamanı konteynerlər Qazaxıstan limanında yenidən yüklənərək Xəzər dənizi ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, oradan isə Abşeron stansiyasına çatdırılıb.
Orta Dəhlizin inkişaf etdirilməsi və yeni yüklərin cəlb edilməsi baxımından bu günlərdə Çində fəaliyyətə başlamış Qazaxıstanın Nəqliyyat-Logistika Mərkəzi marşrut üzrə yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artırılmasına hədəflənib. İlkin razılaşmaya əsasən, bu Mərkəz vasitəsilə Azərbaycana ayda 10 konteyner qatarının yola salınması planlaşdırılır.
Əvvəllər Çindən Orta Dəhliz vasitəsilə yüklərin Qara dəniz limanlarına çatdırılması təxminən 53 gün çəkirdisə, hazırda bu müddət 18 gün təşkil edir.
Qazaxıstana məxsus Nəqliyyat-Logistika Mərkəzi tərəfindən yola salınması Orta Dəhlizin əhəmiyyəti üçün, ümumiyyətlə, sözügedən ölkələrin iqtisadi inkişafına necə təsir edəcək?
Milli Məclisin deputatı Vüqar Bayramov məsələ ilə bağlı Referans.Az-a bildirib ki, bu əslində orta dəhlizin aktiv şəkildə istifadə olunması anlamına gəlir:
“Azərbaycan həm Orta Dəhlizə, həm də Transxəzər marşrutunun genişlənməsinə xüsusi önəm verir. Eyni zamanda infrastruktur olaraq Orta Dəhlizin genişləndirilməsi Azərbaycan tərəfindən dəstəklənib. Digər tərəfdən bu istiqamətdə elektron xidmətlərin həyata keçirilməsi və buna uyğun olaraq da daha çox yüklərin region, o cümlədən Azərbaycan üzərindən daşınması həyata keçirilir. Bu konktekstdən təbii ki Azərbaycan iqtisadiyyatı üçün Orta Dəhlizin genişləndirilməsi həm də dövlət gəlirlərinin artırılması və ölkəyə daha çox valyutanın daxil olması baxımından çox vacibdir”.

Vüqar Bayramov
Deputat qeyd edib ki, son illər ölkəyə daxil olan valyutanın həcmində artımlar müşahidə olunur. Onun sözlərinə görə, Azərbaycan Orta Dəhlizin inkişafına çox önəm verir: “Son illərin statistikası göstərir ki, Orta Dəhlizin genişlənidirilməsi nəticəsində, eləcə də Azərbaycanda yol infrastrukturunun inkişaf etdirilməsi və elektron xidmətlərdən daha çox faydalanması səbəbindən Azərbaycan üzərindən daşınan yüklərin həcmində illik olaraq 30 faiz artım qeydə alınıb. Bu əslində Azərbaycanın beynəlxalq yükdaşımalardan əldə etdiyi gəlir həcminin artmasına, bu artım da dövlət büdcəsinə daha çox gəlirin daxil olması anlamına gəlir.
Bu istiqamətdə aparılan işlər, infrastrukturun genişləndirilməsi və son hadisə bir daha sübut edir ki, regionun xüsusən də Azərbaycanın geosiyasi əhəmiyyəti daha da yüksəlir. Bu da ölkəmizin fiksal gəlirlərinin artırılması və ölkəyə daha çox valyutanın daxil olması baxımından da vacib hesab olunur”, - deyə Vüqar Bayramov əlavə edib.
İqtisadçı-ekspert Xalid Kərimli deyir ki, Azərbaycan növbəti onilliklərdə əsas inkişaf strategiyası bir neçə istiqamətdə formalşadırılıb, bunlardan biri və mühimi tranzit imkanlarının artırılmasıdır:
“Bura həm Şimal-Cənub nəqliyyat dəhlizi, həm də Orta dəhliz aiddir. Azərbaycanın əsas investisiya istiqamətlərindən biri, neft ixracından gələn vəsaitlərin yönələndirilməsi istiqamətlərindən ən əsası nəqliyyat infrastrukturunun formalaşdırılmasıdır. Həm boru, həm də dəmiryolu xəttlərinin çəkilməsinə böyük investisiyalar yatırılıb. Eyni zamanda dəniz daşınması infrastrukturunun formalaşdırılmasına və limanların yaradılması istiqamətində böyük investisiyalar qoyulub”.

Xalid Kərimli
İqtisadçı qeyd edib ki, Zəngəzur dəhlizi istiqamətində də ciddi işlər həyata keçirilir. Onun sözlərinə görə, İrandan keçməklə Zəngəzur dəhlizinin modifikasiyası üzərində işlər görülür: “Orta Dəhliz ölkə şirkətləri üçün əhəmiyyətli idxal və ixrac marşrutuna çevrilir. Azərbaycan Mərkəzi Asiyadan, Şərqdən gələn yüklərin idxal və ixracı istiqamətində optimal marşruta malik olur. Eyni zamanda da bu yükdaşımlar ölkəmizdən keçərkən tranzit gəlirlər əldə edəcək və edirik”.