📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sertifikatlaşdırma həyatın tələbidir

2024-08-13 00:05:55

Sertifikatlaşdırma həyatın tələbidir

Təhsil sferasında əsas yanaşmaları, uğur və nailiyyətləri təkmilləşdirməyin vacib tələblərindən biri də müəllim fəaliyyətini tənzimləmək, bu zəruri inkişaf yolunu mərhələ-mərhələ zənginləşdirmək təcrübəsinə istinad edən milli kadrların hazırlığı məsələsidir. Bu tendensiya isə müəllim hazırlığı və müəllimlərin peşəkarlıq səviyyəsini təkmilləşdirməkdən keçir.

Xüsusən, nəcib və şərəfli sənət olan müəllim qüdsiyyətini qoruyub saxlamaq, onun statusunu zəngin təcrübə və dayanıqlı səriştə əsasında keyfiyyətli və səmərəli missiya ilə ödəməklə, bütün pedaqoji proses təcrübəsində müəllim adının şərəf və ləyaqətini uca tutmaqla bu missiyanın ehtişamını, qədir-qiymətini nüfuzlu etmək olar.

Məhz, bu sahədə özünütəhsil paradiqmaları (nümunələri) vasitəsi ilə ömür boyu təhsillənməni həyata keçirmək mümkündür. Bu məqsədlə qabaqcıl tədris-təlim təşəbbüslərini dəstəkləmək daim diqqət mərkəzində müstəsna əhəmiyyət kəsb edən aktual problem olaraq qalır.

Xüsusən, müəllim əməyinin mənəvi fütuhatının ümumxalq və ümumdövlət səviyyəli bir iş olduğunu nəzərə almaq pedaqoji əfkarı daim düşündürüb-daşındıran problematik məsələ olaraq öz novatorluğunu bütün zaman kəsiklərində qoruyub saxlamaqda davam edir. Bu gün də belədir: peşəkar və ictimai fəaliyyəti, təşkilatçılıq qabiliyyətlərini və mütəxəssis hazırlığını özündə təcəssüm etdirən müəllim kadrı hazırlığında aparılan ümumxalq və ümumdövlət səviyyəli tədbirlərin reallaşdırılması prosesində təcrübəli müəllim əməyi ilə yaradıcı gənclik arasında obyektiv, məqsədyönlü “ülfət körpüsü” qurmaq həyatın başlıca tələbinə çevrilir.

Bu yönümlü fakt və hadisələri məntiqi əsaslarla təhlil-tərkib edib, milli layihələrin, o cümlədən onun yeni layihə əsaslı keyfiyyətlərini, təməl prinsiplərini ənənə və müasirlik prizmasından keçirib təkmilləşdirmək olar. Eyni zamanda, bu sahədə sertifikatlaşdırma aparmağın mahiyyət və məzmununu həyatın ümdə, demokratik məhvərinə gətirməklə, onun aktual olan problemlərinin müzakirəsində yaxından iştirak etmək hər kəsin vətəndaşlıq borcudur.

İlkin olaraq sertifikatlaşdırma ifadəsinin lüğəti və terminoloji məzmununu məfhum, anlayış, kateqoriya olaraq mahiyyətinə hüquqi status almış tənzimləyici proses kimi pedaqoji ədəbiyyatlarda, lüğətlərdə, ensiklopedik nəşrlərdə təsbit olunan aksioloji termin olaraq nəzər-diqqət yetirməyi məqsədəuyğun sayırıq.

“Azərbaycan milli izahlı ensiklopedik pedaqoji lüğəti” də bu sözün elmi termin olaraq işlədilməsinə aşağıdakı zəmindən münasibət bildirir: “...Sertifikat (fransızca sertifikat, latınca sertifiko – təsdiq edirəm deməkdir) müəyyən bir faktı təsdiq edən sənəd mənasını daşıyır. Pedaqoji anlamda:

a) hər hansı şəxsin təhsilini müvəffəqiyyətlə başa vurduğunu təsdiqləyən sənəd;

b) təhsil müəssisəsinin fəaliyyətinin qanuniliyini göstərən (təsdiq edən) sənəd olaraq təqdim edilir (bax: “Azərbaycan milli izahlı ensiklopedik pedaqoji lüğəti”. Bakı, “OKA-Ofset Nəşriyyatı Poliqrafiya şirkəti, 2005, s.290).

Tərtibçiləri Hüseyn Mirzəyev, Sevda Quliyeva və Sevinc Səfərova olan “Təhsil terminlərinin izahlı lüğəti” (bax: Bakı, “Zərdabi Nəşr” MMC, 2019, s.129) kitabında “Sertifikat” sözünün lüğəti mənası – iş. (lat. certum – düzdür, fasere – eləmək) dövlətin maliyyə istiqraz nizamnaməsi:

1) bəzi dövlət istiqrazları biletinin adı;

2) xarici ticarətdə: göndərilən malların sortu (cinsi), çeşidi, qiyməti və s. haqqında sənəd;

3) hər hansı bir şey haqqında vəsiqə, sənədləşmə kimi təsdiqini tapmışdır.

Uyğun şərtlər daxilində “sertifikatlaşdırma” anlamı da bu sözdən törəmə olduğundan terminoloji vahid olaraq bu lüğətdə yeni, innovativ söz kimi bu cür əks olunmuşdur: “Sertifikatlaşdırma – iş. dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru” kimi ifadə olunmuşdur.

Bu gün pedaqoji fəaliyyət prosesində zəiflik göstərən, “deqradasiyalı” bilik nümayiş etdirən mütəxəssislərin mövcudluğunun kökünü ilkin olaraq məktəblərimizin fəaliyyətindəki ciddi çatışmazlıqlarda, müəllimlərimizin peşəkarlıq səviyyəsində, ümumi təhsil məzmununun həddindən ağır yüklənməsində, bilik keyfiyyətinin şişirdilməsində, bütün təhsil pillələrində minimum səviyyədə tədris resurslarının və təhsil standartlarının olmamasında, demokratik təlim mühitinin bütövləşməməsində arayıb axtarmalıyıq.  

Xüsusən, müəllim kadrlarının hazırlığında bu qəbildən bir neçə ciddi sosial məsələ bizi həmişə düşündürür. Məlumdur ki, hər il təhsil sistemimizin ali mərhələsi olan ali və orta ixtisas təhsili müəssisələrində buraxılış attestasiyasına nəzarət və yoxlama işini mütəşəkkil qaydada aparmaq üçün Dövlət və ictimai qurumlardan xeyli sayda mütəxəssislər cəlb olunurlar. Onların müəyyən səriştəli, kamil qabiliyyət sahibi olduğunu da nəzərə alsaq, deyə bilərik ki, uzun müddət “Dövlət imtahanı” adı ilə aparılan attestasiyalarda minlərlə təşkilatçı-mütəxəssis bu prosesdə iştirak edərək, məzunlara “xeyir-dua” verir. Onlar Dövlət Attestasiyasında peşəkarlıq səviyyəsinə nəzarət monitorinqini həyata keçirirlər.

Şübhəsiz ki, bu prosesdə də müəyyən uğurlu, müvəffəq nailiyyətlərlə yanaşı, Dövlət imtahan komissiyasını razı salmayan çatışmazlıqlar da müşahidə olunur. Bu sahədə mötəbər komissiyanın üzvləri çox vaxt ədalətli, obyektiv və məsuliyyət hissi göstərib, vicdanlı mövqe tutaraq səriştəli məzunlara dəyər verməklə yanaşı, mövcud tələblərə cavab verməkdə aciz qalan, tətbiqi biliklərin mahiyyətini duymayan “zay, brak məhsulları” da istehsalata “ötürür”, üzgörənlik mübtəlasına aludə olurlar. Nəticədə isə “imtahan xofu” və onun demokratiyası illüziyalı məzmun kəsb edir. Tələbə-məzunlar şifahi sorğu prosesində fəal, interaktiv məfhum və anlayışlar sisteminin izahlı təhlilini versələr də, təcrübi fəaaliyyət sferasındakı təsir imkanlarının təzahür yollarını reallaşdıra bilmirlər. Nəticədə, onlar yenidən müvafiq qurum və təşkilatların müsabiqə şərtlərini mütləqləşdirən müsahibə və test yoxlamalarına cəlb olunurlar. Sanki, onlar ikinci dəfə imtahan vermiş olurlar. Məhz, bu sindroma görə əksəriyyət təşkil edən müxtəlif ixtisas sahibi olacaq, gələcəyin peşəkar müəlliminə çevriləcək kadrlar bu prosesdə “ağır sınaqlardan” keçməyərək, istehsalata, pedaqoji fəaliyyətə qədəm qoya bilmirlər... Ortaya belə bir məntiqi sual çıxır. Günahkar kimdir? Təhsil verən müəssisə, yoxsa təhsilalanın həm tədris, həm də davranış mədəniyyətini ekspertdən, senzuradan keçirən qurum sahiblərinin təşkil etdiyi üzdəniraq komissiyaların haqlı olmayan subyektiv mülahizə və tövsiyələr axarında itib-batan pedaqoji yanaşmalarındakı mücərrədçilik, ciddi aydınlığın olmaması ilə barışmağımız?

Təsəvvür edin, Dövlət imtahanı attestasiyasından keçən, öz ixtisası üzrə müvafiq diplom alan şəxsin məsuliyyətini, gələcək taleyini həyat və istehsalat fəaliyyətinə müncər etməkdə bu mötəbər komissiyaların verdiyi zəmanətə eyni qurum həm Dövlət imtahanı təqdimatını həyata keçirir, həm də yenidən sertifikatlaşdırma manerası ilə onu müsabiqə əməliyyatlarında iştiraka cəlb edirlər. İşə götürməyin müsabiqə şərtlərini ödəməyənlərə istisna hal olaraq bir il möhlət hüququ verilsə də, möhləti ildə tədris  və təlim bacrıqlarından lazımi balı yığmayan kadrları pedaqoji fəaliyyətdən uzaqlaşdırırlar.

Ortaya belə bir məntiqi ritorik sual çıxır. Əgər məzunlar vaxtilə təhsil aldığı Dövlət və özəl tədris-təlim müəssisəsinin təşkil etdiyi Dövlət imtahanında, Magistr Müdafiəsi prosesində müvəffəq qiymət alaraq, istehsalatda işləməyi tövsiyə edən xarakteristika ilə işləmək üçün nəyə görə mütləq yenidən aidiyyatı yuxarı orqanlar tərəfindən sertifikatlaşma prosesinə məcburi (icbari yox) cəlb olunurlar? Bu sahədə mövcud boşluq göz qabağındadır. Əgər məzun təhsil aldığı ali məktəbin etimadını doğrultmursa, onu niyə istehsalata göndəririk? Və yaxud, məzun bitirdiyi ali məktəbin yüksək ixtisaslı profilinə uyğun nəzəri və təcrübi biliklərini yüksək səy və qayğı ilə tamamlamışdırsa, yenidən onun ikinci finişini təşkil etməyin mənası nədir? Axı kredit sistemi əsasında müəyyən müddətdə tədris ocaqlarında bu işin sadə, optimal yollarını müəyyənləşdirmək olmazmı? Olar, özü də birmənalı olaraq təkmilləşdirmə kursları vasitəsilə bu vəziyyəti normallaşdırmq olar. Di gəl, nəinki məzunların, hətta uzun illər pedaqoji təcrübəsi, idarəetmə, icra və rəhbərlik manerası olan, təhsil alma yolu ilə özünü təkmilləşdirməyə qabil şəxslərin belə sertifikatlaşma platformasına yerləşdirilməsi o zaman səmərəli və məqsədyönlü olar ki, bu işin əsl mahiyyəti aydın olsun, müəllimin peşəkarlığı, səriştəliliyi, özünə inamı təhsil aldığı müəssisənin ixtiyarına buraxılsın. Əgər yetişməkdə olan kadr müvafiq tələblərə uyğun bilik nümayiş etdirmirsə, ona birmənalı olaraq pedaqoji əmək cəbhəsində çalışmağı həvalə etmək olmaz. Bu prosesdə Dövlət Attestasiya Komissiyasının imtahan, müdafiə işi aparan bütün məsul üzvləri cavabdehlik daşımalıdırlar. Digər bir yanaşma odur ki, sertifikatlaşdırma kütləvi surətdə hamıya şamil oluna bilməz. Hər hansı bir ixtisas sahibi öz peşəsinin kamil bilicliyini, idrak, təlim əməliyyatlarını məhz, istehsalat mühitində əxz edir. Onun püxtələşmə yollarını dövrün, zamanın tələblərinə uyğun qurmaq üçün yetərli vasitə yalnız müddətli təkmilləşdirmə kursları ola bilər. Yəni ali təhsil sferasının aparıcı məzmunu həm də müəllim statusunun nüfuz dairəsini genişləndirmək, peşəkar biliklərə sahib çıxmaq prosesində reallaşır. Bu işin səmərəlilik dərəcəsini yüksəltməyin başlıca şərti isə keyfiyyətli bilik, bacarıq vərdiş və mənəvi keyfiyyətləri formalaşdıracaq ixtisas təkmilləşməsindən, onun tətbiqi imkanlarının səmərəliliyindən asılıdır.

Müqtədir müəllim, yüksək maarif təşkilatçısı, nəzəriyyəçi pedaqoq həmkarımız, vətəndaş-alim Asif Cahangirovun parlaq ifadəsi ilə desəm, “Azərbaycan müəllimlərinin ali məktəb hazırlığı üzrə bir neçə təhsil proqramı ilə tanış olduqdan, daha doğrusu, təhlil etdikdən sonra əminliklə deyə bilərəm ki, onlar köklü şəkildə islah edilməli və əsl müasir müəllim hazırlığının təmin olunmasına istiqamətləndirilməlidirlər. Əvvəllər qeyd etdiyim kimi, Təhsil Nazirliyi tərəfindən müəllim hazırlığı standartlarının yerləşdirilməsi üzrə müəyyən addımlar atılmaqdadır. Həmin proses nəticəsində ciddi dəyişikliklərin ediləcəyinə, standartların səriştəəsaslı yanaşma üzərində qurulacağına, tələbələrə  p r a k t i k    b a c a r ı q l a r ı n aşılanmasına, sistematik pedaqoji təcrübəyə vaxtın əhəmiyyətli dərəcədə artırılacağına və s. ümidlər böyükdür” (bax: Asif Cahangirov. Təhsilimiz: dünəndən sabaha optimistin baxışları. Bakı, “Şərq-Qərb”, 2020, s.185).

Müəllimlərin sertifikatlaşdırılması prosesində onların təkcə öz fənnini mükəmməl bilməsi ilə yanaşı, pedaqoji, sosioloji, psixoloji və məntiqi hazırlığına səbəb olacaq pedaqoji peşə ixtisasları üzrə ali məktəblərə qəbul qaydalarının yenidən nəzərdən keçirilməsi problematikası üzrə hazırlığı səviyyəsinə də qovuşmasının nəzərdən keçirilməsi vacibdir. Bu gün məktəblərdə yaxşı müəllim olmağın ən zəruri vəsiləsi ali pedaqoji təhsil almış məzunun ümumtəhsil məktəblərində və digər təhsil müəssisəsində işləməyə hazırlığını müəyyən etmək üçün yeni metodologiya, pedaqoji texnologiyalar işlənilməlidir.

Bunu isə bizdən həyatın özü tələb edir.

Vidadi BƏŞİROV

Azərbaycan Dillər Universitetinin pedaqogika kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru