Səudiyyə Ərəbistanı İsraili tanıyacaqmı? Netanyahudan təklif
Hurriyet.az “Yeni akit” nəşrinə istinadla xəbər verir ki, İsrailin Baş naziri Binyamin Netanyahu Səudiyyə Ərəbistanına barışıq çağırışı edib. Netanyahu deyib: “Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşmasını və sülh istəyirik”.
Netanyahu Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmaq istədiklərini və bunun ərəb-İsrail qarşıdurmasını sona çatdırmaq üçün “böyük bir addım” olacağını söyləyib. İsrailin Nazirlər Kabinetinin mətbuat xidməti Netanyahu ilə amerikalı senator Lindsi Qrahamın Qərbi Qüdsdəki görüşündən təsvirlər paylaşıb. Qraham deyib: “Səudiyyə Ərəbistanı ilə münasibətlərimizi inkişaf etdirmək istədiyimi və bunu İsraildəki dostlarımıza güvən verəcək şəkildə edəcəyimizin lazım olduğunu söylədim”.
Qraham Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana münasibətlərin inkişafı üçün ən yaxşı zamanın indi olduğunu və ABŞ Prezidenti Co Baydenin Ər Riyadla münasibətlərin normallaşdırılması ilə yaxından maraqlandığını söylədiyini bildirib.
Qraham deyib: “Respublikaçılar partiyasının ABŞ ilə Səudiyyə Ərəbistanı arasındakı münasibətləri normallaşdırmaq üçün Prezident Bayden ilə çalışmaqdan məmnun olacağına inanıram. Bu da Səudiyyə Ərəbistanının İsraili tanıması ilə nəticələnə bilər. Mən də bu işdə əlimdən gələni əsirgəməyəcəyəm”.
Netanyahu öz növbəsində deyib: “Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşmasını və sülh istəyirik. Bunu ərəb-İsrail qarşıdurmasını sona çatdırmaq üçün böyük bir addım olaraq görürük. Bu, həm bölgə, həm də bütün dünya üçün tarixi nəticələr verə bilər”.
Bəlli olduğu kimi, İsrail son illərdə bir sıra Yaxın Şərq ölkələri ilə münasibətlərini normallaşdırmaq siyasəti aparır.
Hürr Tərcüman