Səudiyyə Ərəbistanına dronla hücum edildi – mülki vətəndaşlar yaralandılar
Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının hava limanına dron hücumu edilib. Yəmən hökumətini dəstəkləyən, Səudiyyə Ərəbistanının lideri olduğu Ərəb koalisiyası ölkənin cənub-qərbindəki Abha beynəlxalq aeroportuna doğru hücum edən dronun 12 nəfər dinc vətəndaşı yaraladığını bildirib.
Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyinin Ərəb koalisiyasına istinadla verdiyi açıqlamada beynəlxalq hava limanına göndərilən dronun məhv edildiyi bildirilir.
Hücumla bağlı məsuliyyəti hələlik heç bir təşkilat öz üzərinə götürməyib. Yəməndəki husilər də hələ açıqlama verməyiblər.
İranın dəstəklədiyi husilər tez-tez Səudiyyə Ərəbistanının cənub bölgələrini ballistik raket və dronlarla hədəfə alırlar.
Uzun müddət siyasi qeyri-sabitliyin hökm sürdüyü Yəməndə husilərlə hökumət qüvvələri arasında döyüşlər gedir.
Husilər 2014-cü ilin sentyabr ayından bəri paytaxt Sana və bəzi rayonlara nəzarəti öz əllərində saxlayırlar, Səudiyyə Ərəbistanının lideri olduğu koalisiya qüvvələri isə 2015-ci ilin martından bəri husilərə qarşı Yəmən hökumətini dəstəkləyirlər.
Hürr Tərcüman