📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Səyyad Kərimov  “Şəki dövləti” adından çıxardığı hoqqasını verməkdən imtina edir

2022-01-04 12:30:00

Səyyad Kərimov  “Şəki dövləti” adından çıxardığı hoqqasını verməkdən imtina edir

Ombudsman Ali Məhkəmənin qərarının poçtla göndərildiyi yalanı ilə müvəkkillik edir

Səyyad Kərimovun Milli Məclisin dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini vəzifəsindən birbaşa Ali Məhkəmənin hakimi kürsüsünə transfer olunması  qanunvericiliyə qarşı deyil.

“Məhkəmələr və hakimlər haqqında” qanunun 93-4 (“Hakim vəzifəsinə təyin edilmənin xüsusi qaydası”) maddəsinə əsasən, hüquq sahəsində nüfuza, hüquqşünas ixtisası üzrə 20 illik iş təcrübəsinə , yüksək mənəvi keyfiyyətlərə malik olan şəxslər 93-3 maddəsində nəzərdə tutulan prosedurlardan kənar , yazılı və şifahi imtahan vermədən yüksək hakim vəzifəsinə təyin oluna bilərlər. Milli Məclis sözügedən qanunun 94-cü maddəsi ,  Prezidentin təqdimatı əsasında 27 il parlamentin inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini olan Səyyad Kərimovu 21.05.2021 tarixli qərarla Ali Məhkəmənin hakimi təyin edib. Təyinatdan 3 gün öncə 60 yaşını qeyd edən Səyyad Kərimovun Prezidentin və Milli Məclisin etimadını doğrultmadığını hüquq sahəsində nüfuzunu, yüksək mənəvi keyfiyyətlərini “Şəki dövləti” adından çıxardığı bədnam qərarla heçə endirməklə ortaya qoydu. Bəli, bəli, Ali Məhkəmənin İnzibati Kollegiyasının  sədri Səyyad Kərimov olan , Rahib Nəbizadə və Zakir Quliyevdən ibarət üçlüyünün 06.10.2021 tarixli qərarı Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malik olan qanunun Azərbaycan Respublikasının  Konstitusiyasının yox, Şəki İnzibati-İqtisadi Məhkəməsinin saxta qərardadının olmasını doğruladı. Səyyad Kərimov və kolleqaları Ali Məhkəməyə,  Konstitusiyaya qarşı çıxaraq Şəki İnzibati-İqtisadi Məhkəməsinin hakimi İlqar Cabbarovun köhnə tarixə qəbul etdiyi iddianın mümkün sayılmaması haqqında  saxta qərardadını  hüquqi presedent kimi qəbul edərək vətəndaşın məhkəmə təminatı hüququna qadağa qoyub.  Ali Məhkəmənin qanunsuzluğu ilk növbədə İnzibati Prosessual Məcəlləyə (İPM) 09.07.2021 tarixli qanunla əlavə olunan 96.4 maddəsi əsasında işə yazılı icraat qaydasında baxılmamasında özünü göstərir. Düzdür, sözügedən maddədə məhkəmənin hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul etməsi və bu barədə proses iştirakçılarına məlumat verməsi doğrulanıb, di gəl, nə qərardad qəbul edilib və təbii ki, nə də qərardad (barədə məlumat) verilib.

İddiaçı Qarabağ qazisinin yataqda xəstə olması barədə ərizəsinə belə baxmadan məhkəmənin işə yazılı icraat qaydasında baxmamasının kökündə   DİN-in etibarnaməsiz saxta vəkili və nümayəndəsi Əlirza Həbilovla  qeyri-prosessual ilişginin dayanması şübhə doğurmur. Onu da vurğulayaq ki, Səyyad Kərimov özü də 1991-ci ildə vəkil kimi fəaliyyət göstərib və 1991-94-cü illərdə DİN-in xidmətində olub. Digər hakim Zakir Quliyev də 1990-91-ci illərdə DİN-in əməkdaşı olub. Bunlar təsadüfidirmi? İPM-in 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Bəs niyə yoxlamayıb,  əksinə, özü də “ali” səviyyəsizliklə maddi və prosessual hüquq normalarını kobud şəkildə pozaraq məhkəmə təminatı, sosial təminat, özbaşınalıqdan müdafiə hüququnu pozub?! Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015 tarixli 5 saylı Qərarının 5.3 maddəsində yazılıb ki, iddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Qarabağ qazisinin iddiası isə hərbi qanunvericiliyin, NK-nın qərarlarına uyğun olaraq qaldırıldığından mümkün sayılmaması özbaşınalıqdan,  məhkəməyə qeyri -prosessual basqıdan soraq verir. Biz hələ Ali Məhkəmənin sözügedən qərarının 8.3 maddəsini demirik :” İddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.”

Ali Məhkəmə hakimlərinin Ali Məhkəmənin Plenumunun qərarını yox, Şəki İnzibati Məhkəməsinin saxta qərardadını Konstitusiya aktı kimi qəbul etmələri qeyri-prosessual ilişgidən özgə nədən qaynaqlana bilər axı ? Hələ də -3 aydır çıxardığı hoqqasını  (oxuma, qərardadını!-M. B. )verməyən  Səyyad Kərimov mənəviyyatı, hakim andını-adını nə tez 3-5 manata dəyişdi? Məhkəmə sənədinin verilməməsi, axı kobud prosessual hüquq pozuntusudur. Məhkəmə Hüquq Şurasının səsi çıxmır, Ombudsmanın sorğusuna isə 2 aylıq şikayətlərdən sonra yalan məlumat verilib ki, guya 06.10.2021 tarixli qərar 25.10.2021 tarixli məktubla iş materiallarında olan ünvana göndərilib. Ombudsman Aparatının 27.12.2021 tarixli “hüquq müdafiə” cavabından Ali Məhkəmənin saxtalığı açıq -aşkar üzə çıxır. Axı nə MPM-də, nə İPM-də “iş materiallarında olan ünvan” yazılıb! Məcəllədə kassasiya şikayətində yaşayış və olduğu yer üzrə ünvanın göstərilməsi yazılıb. Eyni zamanda qərar göndərilibsə, hanı bu qərar? Niyə gəlib çıxmır? Ombudsman qərarın özünü tələb edə bilməz ? Qərarın verilməsi Konstitusiya Məhkəməsinə və Avropa İnsan Hüquqları Məhkəməsinə məhkəmə, mülkiyyət hüququnun pozulması ilə bağlı şikayət vermək üçün mütləqdir.  İnzibati Prosessual Məcəllənin kommentariyasinı yazan hakimin diqqətinə  MPM-in 16-cı maddəsini çatdırırıq: “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq tərəflər  , habelə işdə iştirak edən digər şəxslər , bu Məcəllədə nəzərdə tutulan hüquqi müdafiə vasitələri bitərsə, insan hüquq və azadlıqlarının müdafiəsi üçün beynəlxalq məhkəmələrə müraciət edə bilərlər.”

İnzibati Prosessual Məcəllədə məhkəmə sənədlərinin verilməməsi nəzərdə tutulub , yoxsa Ali Məhkəmənin qərarında? Bəlkə MM-in sədri, xanım Sahibə Qafarovanın 21.05.2021 tarixli Səyyad Kərimovun Ali Məhkəmənin hakimi təyin edilməsi haqqında qərarında nəsə yazılıb, bilmirik? Səyyad Kərimov, çıxardığınız hoqqanı verin!

Məğrur BƏDƏLSOY

Redaksiydan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.