📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Şimali Koreya Ukraynada istifadə etmək üçün Rusiyanın "Vaqner" qrupuna silah satıb" - AĞ EV

2022-12-23 12:18:00

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlərə Rusiya-Ukrayna müharibəsi ilə bağlı mühüm açıqlamalar verib. Hurriyyet.az-ın məlumatına görə, Con Kirbi Şimali Koreyanın Ukraynadakı müharibədə istifadə etmək üçün Rusiyanın muzdlu şirkəti "Vaqner"ə silah satdığını bildirib.

Kibri onu da qeyd edib ki, "Vaqner" Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını dəstəkləmək üçün bütün dünyada silah tədarükçüləri axtarır. Onun sözlərinə görə, ötən ay Şimali Koreya "Vaqner"in istifadəsi üçün Rusiyaya piyada raketləri və digər silah-sursat çatdırıb.

"Vaqner"in Ukraynada ayda 100 milyon dollardan çox pul xərclədiyini qeyd edən Kirbi həmçinin, "Şimali Koreyanın hərbi texnikanın pulunu ödəmiş "Vaqner"ə ilk silah tədarükünü tamamladığını təsdiq edə bilərik. Hesab edirik ki, "Vaqner"ə çatdırılan tədarükün miqdarı Ukraynadakı müharibənin dinamikasını dəyişməyəcək. Amma biz şübhəsiz ki, Şimali Koreyanın daha çox hərbi texnika tədarük etməyi planlaşdırmasından narahatıq", deyə əlavə edib.

Rəsmi Pxenyan administrasiyası və "Vaqner" isə öz növbəsində, bu iddianı rədd edib.

Hurriyyet.az