Simonyan və Qriqoryan arasında QALMAQAL
Ermənistanın Avropa İttifaqına üzvlük niyyətinin yeni Konstitusiyada təsbit olunması məsələsi hazırda gündəlikdə deyil və ölkənin buna ehtiyacı yoxdur.
Hurriyyet.net xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.
Təhlükəsizlik Şurasının sabiq katibi Armen Qriqoryanın Qərblə yaxınlaşma cəhdlərinin Moskva ilə daha sıx yaxınlaşmaya gətirib çıxardığı barədə fikirlərinə münasibət bildirən Simonyan onun gətirdiyi 2013-cü il nümunəsi ilə razılaşmayıb.
Xatırladaq ki, həmin vaxt Ermənistan prezidenti Serj Sarkisyan Avropa İttifaqı ilə Assosiasiya Sazişinin imzalanması üzrə aparılan danışıqlara baxmayaraq, son anda qərarını dəyişib və bundan sonra ölkə Gömrük İttifaqına qoşulub.
“2013-cü il nümunəsi yerinə düşmür. Çünki Brüsseldən, Moskvadan, Vaşinqtondan və ya hər hansı digər paytaxtdan təyin olunmayan seçilmiş hakimiyyətin varsa, nə edəcəyinə özün qərar verirsən”, - deyə Simonyan vurğulayıb.
Onun sözlərinə görə, hazırda vəziyyət fərqlidir, belə ki, Ermənistanda Brüsseldən, Moskvadan və ya Vaşinqtondan göstəriş almadan xarici siyasət kursunu müstəqil müəyyənləşdirən seçilmiş hakimiyyət fəaliyyət göstərir.
Simonyan həmçinin Qriqoryanın özü Qərblə yaxınlaşma xəttinin tərəfdarı olubsa, son səkkiz ildə nə ilə məşğul olduğunu sual altına qoyub.