Siqaret şəxsiyyət vəsiqəsi ilə SATILACAQ! – Türkiyədə... bəs Azərbaycanda?
Türkiyə hakimiyyəti alıcılardan siqaret alarkən şəxsiyyət vəsiqəsini təqdim etmələrini tələb etməyi planlaşdırır. Səhiyyə naziri Kamal Memişoğlu bildirib ki, müvafiq qanun layihəsinin yaxın bir neçə həftə ərzində parlamentə təqdim edilməsi planlaşdırılır.
Nazir bu xüsusda bildirib: "Siqaret satışı şəxsiyyət vəsiqəsi ilə həyata keçiriləcək. Şəxsiyyət vəsiqəsinin nömrəsi tələb olunacaq". Onun sözlərinə görə, qanun layihəsi tütün məhsullarının satışı üçün yeni qaydalar tətbiq edir. Sənədin bir neçə həftə ərzində parlamentə təqdim edilməsi planlaşdırılır. Nazir, həmçinin deyib ki, ötən il Türkiyədə təxminən 160 milyard siqaret satılıb ki, bu da təxminən 8 milyard qutuya bərabərdir. O, illik bazar dövriyyəsini 20-30 milyard dollar qiymətləndirib. Bəs Azərbaycanda da bu mümkünmü?
Bu, istehlakçı hüququnun pozulmasıdırmı?
İstehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Hüseynov Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycanda uzun illərdir “Tütün və tütün məmulatları haqqında” qanun qüvvədədir, ölkə beynəlxalq sənədlərə qoşulub və qanuna dəfələrlə dəyişiklik edilərək tələblər sərtləşdirilib: “Necə deyərlər, çox rahat şəkildə qəlyan bazara daxil oldu, elektron siqaretlər bazara girdi. Nəhayət, bir neçə ay bundan əvvəl elektron siqaretlər də qadağan edildi.
Ən ciddi məsələlərdən biri budur ki, hələ ilk qanunda siqaretlərin tək-tək satılmasının, təhsil və səhiyyə müəssisələrinin yaxınlığında satışının, 18 yaşına çatmayanlara verilməsinin qadağan olunması nəzərdə tutulub. Lakin bütün bu qadağalara və qanuna edilən dəyişikliklərə baxmayaraq, Azərbaycan dünyanın çox az ölkələrindən biridir ki, marketə daxil olanda səni ilk qarşılayan siqaretlər olur. Kassaların yanında siqaret rəfləri yerləşdirilir.
Mən belə bir vəziyyəti yalnız Çində görmüşəm. Bunun səbəbini hələ də araşdırıram. Söhbət siqaretlərin açıq şəkildə satılmasından, özünü reklam etməsindən gedir. Reklam haqqında qanunda elə bir müddəa var ki, malın özü reklam daşıyıcısı hesab edilmir. Halbuki siqaretin reklamı qadağandırsa, onun açıq şəkildə nümayiş etdirilməsi də reklam funksiyası daşıyır. Məhsulun özü ən canlı reklam vasitəsidir.
Təəssüf ki, Azərbaycanda belə bir vəziyyət yaranıb.
MDB məkanında, o cümlədən Rusiyada heç olmasa, siqaret satılan yerlərin üstü örtülür. Manilada marketlərdə siqaret satılmır, kiçik otaqlarda, balaca pəncərələrdən satılır. İspaniyada da buna oxşar vəziyyət var. Bir çox ölkələrdə siqaretlər açıq nümayiş etdirilmir, reklam materialları yerləşdirilmir, 18 yaşına çatmayanlara satışa yol verilmir".
Ekspertə görə, qanuna dəyişikliklər edilsə də, Azərbaycanda bu qanunun icrası, demək olar ki, həyata keçirilmir:" Üstəlik, ölkədə böyük həcmdə qaçaqmal siqaretlər də daim mövcud olub. Qaçaqmal siqaretlərin təhlükəli tərəfi odur ki, onların harada və kim tərəfindən istehsal edildiyi məlum olmur. Belə məhsullar keyfiyyətsiz və təhlükəli ola bilər.
Artıq səkkiz ildir Şəkidə belə siqaretlər istehsal edən yeni bir firma fəaliyyət göstərir. Həmin müəssisə “Karvan”, “Marhal” siqaretləri istehsal edir.
Təəssüf ki, belə paradokslarla dolu istehlak bazarında yaşayırıq. Türkiyənin bu addımının əhəmiyyəti var. Azərbaycanda da belə bir tədbirin tətbiqi yaxşı olardı. Lakin güman etmirəm ki, bizdə siqaret almaq istəyən şəxsdən şəxsiyyət vəsiqəsi tələb edilsin. Çünki bir çox qanunların icra olunmadığı şəraitdə biznes qurumlarına xüsusi yanaşma formalaşıb: kim necə istəyir, elə də alıb-satmalıdır. Yoxlamaların qadağan olunması böyük səhvdir.
Ən azı, istehlakçı şikayətləri olan hallarda yoxlamalar bərpa edilməlidir. İstehlakçı şikayətləri və ya mediada yayımlanan materiallar əsasında biznes qurumlarının yoxlanılması mütləq bərpa olunmalıdır. Bu, yanlış siyasətdir və neçə illərdir davam edir".