📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Siqaret və içkini qiymətləri bahalaşdırmaq yolu ilə insanlara tərgitmək mümkün deyil" - NATİQ CƏFƏRLİ

2024-01-04 12:03:50

"Hökumət sağlam insan istəyirsə, ona pul qazanmağa məne olmamalı, ədalətli hakim roluna çəkilib iqtisadiyyatı tam liberallaşdırmalıdır"

"Dünyada hökumətlər ən rahat tütün məmulatları və spirtli içkilərin aksiz və vergilərini artırırlar. Bu sosial məsələ olmadığı üçün etiraza da səbəb olmur. Hökumətlər bu siyasəti sağlam həyat tərzinin təşviqi ilə izah edirlər, məntiqləri budur ki, tütün məmulatları və spirtli içkilər bahalaşdıqca, onlardan istifadə edənlərin sayı azalacaq". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Azərbaycan hökuməti də hər il siqaret və alkaqolun aksiz dərəcələrini artırmaqla qiymətini bahalaşdırır: "Zatən, ölkədə hər şeyin qiyməti qalxır, amma burada 2 məsələyə diqqət etmək lazımdır. Birincisi, istənilən ölkədə qonşu ölkələrlə müqaisədə siqaret və içkinin qiyməti kəskin fərqlənirsə, bu mütləq qaçaqmalçılığın artmasına səbəb olur. Dövlətin nəzarətedici orqanları işbazlarla əlbir olub ölkəyə qaçaqmalçılıq yolu ilə siqaret və içki gətirirlər, satışdan böyük pullar qazanırlar, beləliklə də məmurlarla qaçaqmalçıların əlaqələri genişlənir, belə biznesə “krışalıq” edənlərin sayı artır, daha yüksək rütbəli məmurlar bu işə qarışır. Nəticədə büdcəyə aksizdən daxilolmalar artmaqdansa, azalır. Bakıda hamı bilir ki, harada, hansı aksizsiz siqaretlər və neçəyə satılır, amma nədənsə, bunu məmurlar “bilmir” və “görmürlər”. İkincisi, alkaqollu işkilərin kəskin bahalaşması isə həm qaçaqmalçılığı təşviq edir, həm də kustar yolla saxta içki istehsalını artırır. Nəticədə saxta içkidən zəhərlənənlər, sağlamlığını və həyatını itirənlərin sayı artır və hökumət aksiz-vergiləri artıraraq sağlam həyat tərzini təşviq etməkdənsə, insanların sağlamlığının itirməsinə səbəb olur".

Natiq Cəfərli hesab edir ki, siqaret və içkini qiymətləri bahalaşdırmaq yolu ilə insanlara tərgitmək mümkün deyil, sağlam həyat tərzinin təşviqi birbaşa rifahın, gəlirlərin artması ilə mümkündür: "Məhz yüksək gəlirli insanlar öz sağlamlığına yatırım edirlər, idmanla məşğul olur, zala, hovuza getməyə vəsait xərcləyirlər. Yəni, hökumət sağlam insan istəyirsə, ona pul qazanmağa məne olmamalı, ədalətli hakim roluna çəkilib iqtisadiyyatı tam liberallaşdırmalıdır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az