“Şirkət rəhbərlərinin dediyi...” - Vidadi Muradov ölümündən əvvəl nə demişdi?
Xəbər verdiyimiz kimi, “Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədrinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Musavat.com xəbər verir ki, xəstəliyi ilə əlaqədar ev dustaqlığına buraxılan və bir neçə gün sonra vəfat edən Vidadi Muradovun cinayət işinə xitam verilib. Məhkəmə Vidadi Muradovu törətdiyi əməllər görə təqsirli bilib. Lakin vəfat etdiyi üçün cinayət işini xitam verib.
Vidadi Muradov elan edilmiş ittihamlara məhkəmə proseslərində iştirak etmədiyi üçün cavab verə bilmədi.
Amma Vidadi Muradov həbs edildiyi vaxt istintaqda ifadə vermişdi. 21 milyondan çox vəsaiti mənimsəməkdə ittiham olunan Vidadi Muradov həmin ifadəsində ittihamları qəbul etmədiyini deyib.
İlkin dindirilmə zamanı bildirib ki, 2016-cı ildə prezidentin sərəncamı ilə yaradılan ASC-nin əsas vəzifəsi xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkili, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsindən ibarət olub.
Nizamnaməyə əsasən ASC-nin bütün səhmləri dövlətə məxsus olub. Cəmiyyətin nizamnamə kapitalı 15 milyon manat imiş.
Onun sözlərinə görə ilk olaraq ASC üçün ərazisi 1025 kvadratmetr olan tikilini aylıq 23.257 manata icarəyə götürüb. Bundan başqa 2017-2020-ci illərdə ölkə ərazisində 25 xalça istehsalı emalatxanaları, regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri tikilib.
Qeyd edib ki, təsisçisi olduğu “Azər-İlmə” MMC 2016-2020-ci illərdə 640.922 manat vergini dövlət büdcəsinə ödəməkdən yayınmayıb.
Bildirib ki, təsisçisi olduğu “Azər-İlmə” MMC-nin Şəmsi Rəhimov küçəsi 2 ünvanında yerləşən inzibati binasında xalçaçılıqla bağlı bütün zəruri olan baza olub. Buna görə İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Reyestrinin razılığı ilə 889.048 manat icarə haqları ödənilib.
İstintaqla o da müəyyən edilmişdi ki, Vidadi Muradov “Azərxalça” üçün lazım olan avtomobilləri bazar qiymətindən artıq şişirdilmiş məbləğlərdə rəsmiləşdirərək əldə olunan pulu da mənimsəyib.
Məsələn, bazar qiyməti 19.493 manat olan “NAZ-Lifan LF6430-X60” avtomobili 23.800 manata, 30.632 manat olan “NAZ-Lifan LF7240-820” avtomobili 32.500 manata, 45.500 manat olan “Hyundai HD-78” markalı avtomobili 57.000 manata, 72.500 manat olan “Hyundai County” markalı avtomobili 108.970 manata rəsmiləşdiriblər. İstintaq müəyyən edib ki, Vidadi Muradov ASC-yə alınan onlarla avtomobilin qiymətini bu şəkildə şişirdərək cəmi 964.625 manat məbləğində əmlakı ələ keçirib. Amma Vidadi Muradov istintaqda dindirilən zaman bu ittihamı da qəbul etməyib.
Həmçinin yun təmizləmə xəttlərini xarici ölkə bazarlarından daha ucuz qiymətə ala biləcəyi halda bunu etməyərək guya Almaniyadan 1.810.800 avroya alaraq cəmiyyətə məxsus 2.104.603 manat məbləğində pul vəsaitini israf etmək ittihamını qəbul etməyən Vidadi Muradov deyib ki, avtomobillər və yun təmizləmə xətti rəsmi satış mağazalarından alınıb.
Vidadi Muradovun 9 ayrı şirkətin bank hesabına 3.435.835 manat vəsaiti köçürərək nağdlaşdırması da istintaq tərəfindən üzə çıxarılmışdı. Amma Vidadi Muradov bu ittihama cavab olaraq deyib ki, “Azərxalça”nın İrandan ip almaq üçün birbaşa müqavilələr bağlamaq imkanı olmadığından pulları həmin şirkətlərin hesabına köçürüblər. Sonra da həmin məbləği nağdlaşdıraraq “Azərxalça” üçün İrandan ip alıblar. Yəni, Vidadi Muradov həmin məbləği mənimsəmədiyini deyib.
893.595 manat dəyəri olan ipin itki kimi silinərək mənimsənilməsi itihamından da danışan V.Muradov qeyd edib ki, həmin ip itkiləri norma daxilində aparılıb.
Həmçinin 14.404.927 manatı da podratçı şirkətlər vasitəsi ilə mənimsəmədiyini bildirib.
“Həmin şirkət rəhbərlərinin pulu nağdlaşdıraraq mənə verdiklərini deməsi yalandır, böhtandır”- deyə Vidadi Muradov qeyd edib.
İstintaq orqanı onu da müəyyən edib ki, Vidadi Muradov “Azərxalça”ya məxsus xalçaları özünün təsisçisi olduğu “Azər-İlmə”yə ucuz qiymətə satıb. Sonra isə həmin xalçaları daha baha qiymətə sataraq 486 min manat gəlir əldə edib.
Vidadi Muradov bu ittihama cavab olaraq deyib ki, guya həmin xalçaların “Azərxalça”da emal prosedurunu həyata keçirmək mümkün olamayıb. Buna görə də əvvəl xalçaları "Azər-İlmə"yə sataraq orada emal prosedurunu və qablaşdırmanı həyata keçirib. Sonra həmin xərcləri də nəzərə alaraq digər hüquqi və fiziki şəxslərə satıb.
Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 213.3 (vergiləri ödəməkdən yayınma- xüsusilə külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmişdi.
Xatırladaq ki, Vidadi Muradov və onun ailə üzvlərinin adlarına olan ümumi dəyəri 30 milyon 587 min manat təşkil edən yaşayış və qeyri-yaşayış sahələri, habelə “Azər-İlmə” MMC-nin səhm paylarının və aktivlərinin üzərinə məhkəmə qərarı ilə həbs qoyulmuşdu.
Musavat.com