"Son şəhidlərimizin sayəsində artıq bütün Qarabağ bizimdir" - FƏRHAD MEHDİYEV
"Prezident İlham Əliyevin Rusiya ilə qurduğu münasibətlərin də köməyi ilə biz Qarabağın qalan hissəsini 2000 şəhidlə deyil, 200 şəhid və qazilərimizlə geri ala bildik"
"Son anti-terror tədbirində qeyri-rəsmi məlumatlara görə, 200-ə yaxın şəhidimiz var. Bəziləri bu sayın 24 saat üçün həddindən artıq yüksək olduğundan gileylənirlər. Məsələyə say olaraq deyil, nəticə olaraq baxmaq lazımdır". Hurriyyet.az xəbər verir ki, bu fikirlər beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyevə məxsusdur.
Nəticənin ortada olduğunu vurğulayan politoloq qeyd edib ki, elə ilk 24 saatda düşmən qüvvələrinə sarsıdıcı zərbə vuruldu və bunun nəticəsində də onlar təslim oldular: "İkinci vacib məsələ. 10 noyabr 2020-ci ildə çoxumuz müharibənin davam etməsini və bütün Qarabağın azad olunmasını istəyirdik deyilmi? 3000 yox, hətta 5000 şəhid verib buna nail ola bilsəydik, cəmiyyət olaraq sevincli olacaqdıq. Halbuki, o zamanlar Ağdərə və Xocavənd istiqamətində aparılan hücumlar uğurlu olmurdu, xeyli də itki vermişdik. İndi isə son şəhidlərimizin sayəsində artıq bütün Qarabağ bizimdir. Təbii ki, bütün Qarabağın bizə geri qaytarılması sırf şəhid və qazilərimizin sayəsində olmamışdır, həm də dövlət başçımızın siyasi səyləri nəticəsində mümkün olmuşdur".
Fərhad Mehdiyev hesab edir ki, prezident İlham Əliyevin Rusiya ilə qurduğu münasibətlərin də köməyi ilə biz Qarabağın qalan hissəsini 2000 şəhidlə deyil, 200 şəhid və qazilərimizlə geri ala bildik: "Bu gün şəhidlərimizin anım günüdür, Allah cümlə şəhidlərimizə rəhmət eləsin, valideyn və övladlarına səbr, baş ucalığı versin. Bizlər sevinirik, amma onlar dərd içindədir, bununla belə illər sonra onlar da itkilərin mənasız olmadığını, oğullarının əsl qəhrəman kimi adlarını tariximizə yazdırıldıqları hissini daha yaxşı dərk edəcəklər".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az