SOS: Yarımtikilidə hazırlanan kolbasalar – Həbslərə başlamalı?
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakı Regional Bölməsinin və DİN-in Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Malakanka” MMC-yə məxsus konservləşdirmə və ət məhsullarının emalı müəssisəsində yoxlama keçirilib.
Yoxlama zamanı müəssisədə müvafiq sənədləri olmayan ət və digər xammallar aşkarlanıb, həmçinin emal sahəsində işlənmiş fritür yağları müəyyən olunub. Emal prosesi Bakı şəhərində həyata keçirilsə də, bəzi turşu və kolbasa məhsullarının etiketlərində istehsal ünvanı kimi İsmayıllı rayonu, İvanovka kəndinin göstərildiyi müəyyən edilib.
Bununla yanaşı, müəssisədə yararlılıq müddəti bitmiş kolbasa və süd məhsulları, tərkibi, istehsal tarixi, yararlılıq müddəti və mənşəyi barədə müvafiq etiket məlumatları olmayan müxtəlif çeşidli turşu məhsulları aşkarlanıb. Eyni zamanda, müəssisənin yanındakı yarımtikilidə “Malakanka” əmtəə nişanlı süd məhsullarının təkrar istifadə üçün nəzərdə tutulmuş qablarda qanunsuz şəkildə qablaşdırıldığı məlum olub.
Aşkar edilmiş nöqsanlarla bağlı sahibkar barəsində protokol tərtib olunub, məhsullardan laborator nümunələr götürülərək onların dövriyyəsi qadağan edilib.
Ümumiyyətlə, bazarlarda müxtəlif adlarda kolbasa, eləcə də ağartı məhsullarının satışını görmək olar.
Lakin əhalinin aztəminatlı təbəqəsi qiymətinin ucuzluğuna görə onları almağa məcbur olur. Digər tərəfdən, keçirilən tədbirlər bu halların qarşısını alsa da, tamamilə aradan qaldırmır. O zaman hansı nəzarət mexanizmi yaradılmalıdır ki, “Malakanka” MMC-lər ortaya çıxmasın? Bəlkə ilk gündən qeydiyyatına imkan verilməməlidir?
İstehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Hüseynov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:"Çox təəssüflər olsun ki, Qida Təhlükəsizliyi Agentliyi malların mənşəyi məsələsinə toxunmayıb:"Qanunvericiliyə görə, yer adı ilə mal buraxan qurum gərək həmin yerdə qeydiyyatdan keçmiş olsun. Yəni İvanovka adı ilə buraxırsa, gərək İvanovkada həmin qurum qeydiyyatdan keçmiş olsun və malın mənbəyi də oradan olsun".
Eyyub Hüseynov vurğulayıb ki, 30 ilə yaxındır yalançı İvanovkalarla mübarizə aparılır və Bakıda fəaliyyət göstərən təxminən 20-ə yaxın İvanovka dükanından cəmi üçü qanunidir. Sovet dövründən qalan ənənə səbəbilə istehlakçıların aldadıldığını qeyd edən mütəxəssis İvanovkada bu qədər ağartı məhsulunun istehsal olunmadığını, ad altında gedən saxtakarlığın və çaxır istehsalının illərdir davam etdiyini bildirib.
Ekspert hesab edir ki, dövlət qurumlarının, o cümlədən AQTA-nın yoxlama aparmaq üçün Ədliyyə Nazirliyindən çıxarış alması və qarşı tərəfi əvvəlcədən xəbərdar etməsi nəzarət mexanizmini zəiflədir:"Bu halların kökündən aradan qaldırılması üçün ölkədə rasional və mütərəqqi istehlakçı siyasəti formalaşdırılmalı, 1995-ci ildə qəbul edilmiş istehlakçıların hüquqları haqqında qanunvericilik bazarın tələblərinə uyğunlaşdırılmalıdır. Hökumət qurumları və antiinhisar strukturları əhali və media ilə sıx əməkdaşlıq quraraq effektiv nəzarət mühiti yaratmalıdır. İvanovka adı altında saxta məhsul satan müəssisələrin və dükanların fəaliyyəti ciddi şəkildə monitorinq edilməli, əlaqəsi olmayanların adları dəyişdirilməli və istehlakçı hüquqlarının pozulmasına son qoyulmalıdır".