📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Sosial şəbəkədə şüursuz davranışlar, yaxud linç kampaniyası geniş vüsət alıb" - NURLAN QƏLƏNDƏRLİ

2023-08-08 14:21:00

"Kütlə psixologiyası əsasında aparılan virtual linç kampaniyasına təslim olmaq, fəaliyyəti onun əsasında formalaşdırmaq yolverilməzdir"

"Son zamanlar qəribə tendensiya müşahidə edilir: sosial şəbəkədə kütlə psixologiyası ilə şüursuz davranışlar, yaxud linç kampaniyası geniş vüsət alıb. Elə bil, hamı hansısa bir səhv axtarır ki, onun üzərindən kampaniya başlatsın. Sanki, hər kəs linç kampaniyasına hazırdır, təki bircə fakt ortaya atılsın - hamı aqressiv notların qulaqbatırıcı sədaları altında "rəqsə qoşulsun". Araşdırmadan, məsələnin mahiyyətini bilmədən insanlar "hücum" əmrinə tabe olacaq, tənqid təhqiri, təhqir şantajı əvəz edəcək, etik davranış sərhədləri qanunsuz olaraq keçiləcək - bütün sədlər darmadağın ediləcək. Özü də, fərqi yoxdur, hansı peşənin sahibidir, cəmiyyətin hansı təbəqəsinin nümayəndəsidir". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Nurlan Qələndərli bildirib.

Politoloqun fikrincə, feysbukda "onlayn vətəndaşlığa" malik olmaq kütlə psixologiyasına tabe olaraq linç kampaniyasına qoşulmaq üçün yetərlidir: "Bir-birinə sual versələr ki, "biz nə istəyirik?", cavab, şübhəsiz ki, "heç nə, sadəcə olaraq, virtual qonşudan qalma dala psixologiyası ilə hərəkət edirik, sürüyə qoşulmuşuq" olar... "Böyük dayaq" filmində maraqlı bir epizod var. Deməli, Naznaz Qaraşın qabağını kəsib təhdid edir - deyir ki, barəmizdə dedi-qodu baş alıb gedir. Qaraş cavab verir: "Sən yaxşı bilirsən ki, bu dedi-qoduların heç bir əsası yoxdur". Naznazın cavabı isə "əsası oldu-olmadı, camaatın ağzını yummaq üçün sən mənimlə evlənməlisən", olur. Bu gün sosial şəbəkə psixologiyası eynilə Naznaz kimi diktə edir. Belə olan halda, çox zaman aidiyyəti şəxs və qurumların davranışlarında da adekvat hal müşahidə olunmur - dərhal və tələm-tələsik cavab verilir. Yetər ki, virtual ajiotaj yaratmağa çalışanların qarşısı dərhal alınsın, Naznazın təbiri ilə desək, "ağzı yumulsun"".

Nurlan Qələndərli hesab edir ki, kütlə psixologiyası əsasında aparılan virtual linç kampaniyasına təslim olmaq, fəaliyyəti onun əsasında formalaşdırmaq yolverilməzdir. Onun sözlərinə görə, bu, ictimai immuniteti zəiflətməklə yanaşı, mənfi ənənənin formalaşmasına zəmin yaradar.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az