📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Sovetlər dönəmində kəndlər iqtisadi baxımdan indikindən daha müstəqil idilər" - RÖVŞƏN AĞAYEV

2023-04-11 12:07:00

"Sovetlərin adı dəyişən, mahiyyəti daha mürtəce şəkildə davam edən yerli katiblikləri hələ 30 il əvvəl ləğv etmək lazım idi, sabah onlar ləğv edilib yerində heç nə yaradılmasa belə, vətəndaş həyatında heç bir boşluq hiss etməyəcək"

"Dövlət qulluğu ilə bağlı qanunvericiliyə əsasən, rayon və şəhərlərin icra hakimiyyətlərinin başçıları özlərinə müavin belə, təyin edə bilmirlər. Bakı şəhərinə təyinat dövlət başçısının səlahiyyətindədir. Yerdə qalan inzibati vahidlər üzrə isə Prezident Administrasiyası rəhbərinin razılığı ilə baş tutur". Hurriyyet.az xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev bildirib.

İqtisadçı ekspertin sözlərinə görə, son illər sovetlərdən qalma yerli idarəçilik sistemi hətta SSRİ dövrü ilə müqayisədə daha yüksək mərkəzləşməyə məruz qalıb: "Hal belə ikən hətta kənd-qəsəbə icra münayəndələrini də Bakıdan təyin etmək lazımdır. Yeri düşmüşkən, sovetlər dönəmində kəndlər iqtisadi baxımdan indikindən daha müstəqil idilər. Kolxoz və sovxozlar öz təsərrüfat fəaliyyətlərinin nəticələrindən asılı olaraq əldə etdikləri qazancın bir hissəsini ərazidə ən azından yol təsərrüfatının qurulmasına yönəldə bilirdilər. Məsələn, mən gözümü açandan kəndimizin yollarını həmişə asfalt görmüşəm. İndi hətta dağılan palçıqlı küçələrə illərlə çınqıl tökən tapılmır".

Rövşən Ağayevin fikrincə, Azərbaycandakı sovetlərdən daha yüksək mərkəzləşmiş yerli idarəetmə vətəndaşdan çox uzaq, onun ehtiyaclarını duyub-hiss etməyən və görməzdən gələn bir sistemdir: "Ötən dövrdə mərkəzləşmə gücləndikcə vətəndaşdan uzaqlaşma bir az da sürətlənib. Sovetlərin adı dəyişən, mahiyyəti daha mürtəce şəkildə davam edən yerli katiblikləri hələ 30 il əvvəl ləğv etmək lazım idi. Amma bizdə onları bər-bəzəkli binalarda süni nəfəs aparatına qoşmuşuq. Sabah onlar ləğv edilib yerində heç nə yaradılmasa belə, vətəndaş həyatında heç bir boşluq hiss etməyəcək. Yerli idarəetmədə əksmərkəzkəşmə bölgə inkişafı üçün alternativi olmayan yoldur".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az