📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sözü imzası qədər dəyərli olan ALİ BAŞ KOMANDAN!

2023-10-17 11:07:51

Sözü imzası qədər dəyərli olan ALİ BAŞ KOMANDAN!

Məhəmməd Əsədullazadə: "Prezident İlham Əliyev Xankəndidə bayrağımızı qaldırmaqla Qərbdə və Rusiyadakı anti-Azərbaycan qüvvələrinə, o cümlədən daxildəki xainlərə gözdağı verdi"

Asif Nərimanlı: "Prezident İlham Əliyev təkcə müharibəni yox, həm də 30 illik problemin müəllifinin – Rusiyanın əli ilə münaqişəni də qazandı"

Araz Aslanlı: "Hazırda Azərbaycanda xarici, təhlükəsizlik və milli kimlik siyasəti mümkün olan ən ağıllı şəkildə aparılır, uzunmüddətli strategiyaya əsaslanır və icra olunur"

İlqar Məmmədov: "Prezident İlham Əliyevin dürüst diplomatiyasının və bu diplomatiya ilə əlaqəli ordu işlərinin tarixi nəticəsinə hamılıqla sevinirik"

Ölkə başçısı İlham Əliyev 15 oktyabr tarixində Xocalı, Ağdərə, Əsgəran, Xocavənd  və Xankəndidə olub, bu ərazilərdə Azərbaycan Respublikasının Dövlət Bayrağını qaldırıb. Qeyd edək ki, bu hadisə İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümünə təsadüf edib. Sözün açığı, bunu təsadüf hesab etmək, ən yüngül formada desək, sadəlövhlük olardı. Çünki ölkə başçısının da dediyi kimi, o, nəyi necə və nə zaman etmək lazım olduğunu çox yaxşı bilir.

Siyasətdə qaragüruhçuluğa yer olmadığını, təmkinlə davranıb məqsədə doğru addımlamağın vacib şərt olduğunu dərk edə bilməyənlər və ya israrla bunu qəbul etmək istəməyənlər "Bəs, Xocalı, Xocavənd və Xankəndi nə oldu" kimi suallarla əhali arasında çaşqınlıq yaratmağa, əldə olunmuş böyük nailiyyəti kiçiltməyə, gözdən salmağa çalışırdılar

Yadınızdadırsa, 9 noyabr 2020-ci il tarixdə prezident xalqa müraciəti zamanı məhz bu ifadəni işlətmiş və Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bərpa olunacağına dair söz vermişdi. O zaman bəziləri yuxarıda sadalanan ərazilərin hələ də Azərbaycanın nəzarətində olmaması, Rusiya sülhməramlılarının bölgəyə yerləşdirilməsi və bununla da Kremlin Xankəndinin azad olunmasına mane olması səbəbindən deyilənlərə şübhə ilə yanaşırdı. Lakin üzərindən 3 il keçdikdən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev sözünün imzası qədər dəyərli olduğunu bir daha təsdiqlədi. Budur, artıq 30 ilə yaxın erməni işğalı altında olan bütün torpaqlarımızda Azərbaycan Respublikasının Dövlət Bayrağı dalğalanır. Bu şərəfli tarixi hadisənin şahidi olduğumuz üçün şəhidlərimizə, qazilərimizə Azərbaycan ordusuna və Müzəffər Ali Baş Komandana sonsuz minnətdarlığımızı bildiririk.

Onu da qeyd etmək yerinə düşərdi ki, əslində Prezident İlham Əliyevin 7 iyil 2021-ci il tarixli "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərmanı ilə Xocalı, Xocavənd və Xankəndinin məsələsi həll olunmuş, yəni Qarabağın "statusunun" olmayacağı rəsmi sənədlə təsdiq olunmuşdu. Lakin o zaman da siyasətdə qaragüruhçuluğa yer olmadığını, təmkinlə davranıb məqsədə doğru addımlamağın vacib şərt olduğunu dərk edə bilməyənlər və ya israrla bunu qəbul etmək istəməyənlər "Bəs, Xocalı, Xocavənd və Xankəndi nə oldu" kimi suallarla əhali arasında çaşqınlıq yaratmağa, əldə olunmuş böyük nailiyyəti kiçiltməyə, gözdən salmağa çalışırdılar. Müzəffər Ali Baş Komandan isə oktyabrın 15-də Dövlət Bayrağımızı Xocalı, Ağdərə, Əsgəran, Xocavənd  və Xankəndidə qaldırmaqla həm onların cavabını verdi, həm də mahir diplomat olduğunu bir daha dünyaya təsdiqlədi. Məhz bu səbəbdən də bir çox yerli və xarici siyasi ekspertlər, dövlət adamları, rəsmi şəxslər oktyabrın 15-nin İlham Əliyev Günü olduğunu bəyan edirlər. Onlardan biri də tanınmış rusiyalı politoloq Sergey Markovdur. Bununla bağlı axar.az-da yer alan informasiyaya görə, Makrov İlham Əliyevin tələsmədiyini, addım atmaq üçün düzgün vaxtı seçmək bacarığı olduğunu və məhz buna görə də sonda uğra imza atdığını bildirib: "Oktyabrın 15-i İlham Əliyev Günü oldu. O, düz 20 il əvvəl, 2003-cü il oktyabrın 15-də ilk dəfə Azərbaycan Prezidenti seçilib və 2023-cü il oktyabrın 15-də Qarabağın paytaxtında Azərbaycan bayrağını qaldırıb. Bəs İlham Əliyevin uğur amilləri hansılardır? Birincisi, ən yüksək səviyyədə mədəniyyət və təhsil alması. SSRİ Xarici İşlər Nazirliyinin MDBMİ Universitetində məzun olması, sonra müəllim işləməsi, türk, rus, ingilis dillərini səlis bilməsi, çox mədəni danışığı. İkincisi, görünür ki, atası Sov İKP MK Siyasi Bürosunun üzvü, Azərbaycan DTK-nın sədri, Sovet Azərbaycanının rəhbəri, böyük SSRİ hökuməti başçısının birinci müavini və yeni Azərbaycanın qurucusu böyük Heydər Əliyev ona nəhəng siyasi təcrübəsini və siyasi müdrikliyini miras qoyub. Üçüncüsü, çox yaxşı ailə onun güclü dəstəyidir. Heyranlıq doğuran, müxtəlif ölkələrdə fan-klubları olan həyat yoldaşı, gözəl və ağıllı Mehriban xanımdan xüsusi dəstəyi var. Azərbaycanın neft və qaz sərvətləri taleyin hökmü ilə ölkəyə verilib. Əliyev isə qeyri-korrupsiya sistemi yarada bildi ki, neft rentası ölkədə qalsın, xaricə getməsin. Daha sonra təxminən eyni yaşda, təxminən eyni təhsildə və təxminən eyni vaxtda hakimiyyətdə olduqları Vladimir Putinlə siyasi dostluğu. Əliyevin addım atmaq üçün düzgün vaxtı seçmək bacarığı. İstəsə də, tələsmir. Və gecikmir. İlham Əliyev özü də bunu ən çətin iş hesab edir. Türkiyənin simasında müttəfiqin gücü. Əsas rəqibinin acgözlüyü, qeyri-adekvatlılığı, danışıq apara bilməməsi, hər kəsi özünə düşmən etmək bacarığı".

"Yaşasın Azərbaycan-Turkiyə qardaşlığı, içimizdə olan xainlər, "Rusiya, Rusiya" deyib duranlar isə çatlasınlar!"

Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Prezident İlham Əliyev Xankəndidə üçrəngli bayrağımızı qaldırmaqla Qərbdə və Rusiyadakı anti-Azərbaycan qüvvələrinə, o cümlədən daxildəki xainlərə gözdağı verdi: "Həmin qüvvələr Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən narahatdırlar. Onlar hər zaman "Ay ABŞ belə etdi, Rusiya belə getdi" desələr də, biz milli maraqlarımızdan çıxış edərək, Xankəndidə üçrəngli bayrağımızı qaldırdır və Qarabağa tam şəkildə sahib olduq. Təxminən, 30 il öncə Rusiya Qarabağı alıb ermənilərə vermişdi, bizsə hər ikisini müharibədə cəzalandırdıq. Odur ki, Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan-Turkiyə qardaşlığı. İçimizdə olan xainlər, "Rusiya, Rusiya" deyib duranlar isə çatlasınlar!"

"Azərbaycanın inkişafı, Qoşulmama Hərəkatında sədrliyi BMT Təhlükəsizlik Şurasına daimi üzv olmasını şərtləndirir"

Artıq dünyada yeni nizamın yarandığını, qaydaların dəyişdiyini vurğulayan Milli Cəbhə Partiyasının sədr müavini qeyd edib ki, Cənubi Qafqazda Azərbaycanın suverenliyini tam bərpa etməsi, Türkiyənin artan beynəlxalq rolu, Türk Dövlətlərinin inkişafı və birlik istiqamətində fəaliyyəti, Böyük Britaniyanın Avropa İttifaqından çıxması yeni prosesin başlanğıcıdır: "İkinci Dünya müharibəsindən sonra BMT-nin qəbul etdiyi qaydalar toplusu və nizamnaməsi soyuq müharibəyə uyğun formalaşıb və Təhlükəsizlik Şurasının beş daimi üzvünün maraqları konteksində qəbul olunub. BMT müasir dövrdə yeni siyasi-hərbi çağırışlara cavab vermir. Sovet ittifaqının dağılması, yeni müstəqil dövlətlərin meydana gəlməsi, Avropada yeni dövlətlərin yaranması, bir çox ölkələrin regional gücə çevrilməsi yeni bir siyasi nizam idi. Həmçinin, ABŞ-da 11 sentyabr terror aktından sonra yeni bir proses başladı. Buna baxmayaraq, BMT strukturu dəyişmədi və qaydalar olduğu kimi qaldı. Artıq yeni dünya nizamı Rusiyanın Ukraynaya hücumu ilə dəyişdi. Eyni zamanda, Cənubi Qafqazda Azərbaycanın suverenliyini tam bərpa etməsi, Türkiyənin artan beynəlxalq rolu, Türk Dövlətlərinin inkişafı və birlik istiqamətində fəaliyyəti, Böyük Britaniyanın Avropa İttifaqından çıxması yeni prosesin başlanğıcıdır. Ona görə də BMT və dünya siyasi sisteminə təsir edən Avropada regional təşkilatlar bir neçə ölkənin siyasi maraqları çərçivəsində fəaliyyət göstərir. Yeni dünya münasibətlər sistemində Türkiyə, Hindistan meydana çıxıb və bu ölkələrin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olması labüddür. Təkcə böyük dövlətlərin deyil, regional güc olan ölkələrin də təmsil olunmaq hüququ var. Bura İsrail, Azərbaycan, İndoneziya kimi ölkələrin də daimi üzvlüyünə ehtiyac var. Çünki BMT amörf bir qurum halına gəlib və yeni siyasi sistemə cavab verməlidir. Təəssüf ki, BMT-nin qəbul etdiyi qərar və qətnamələr kağız üzərində qalır və böyük güclər yalnız bundan öz maraqları konteksində istifadə edirlər".

Məhəmməd Əsədullazadə əlavə edib ki, Azərbaycanın Cənubi Qafqazda təhlükəsizlik və iqtisadi cəhətdən inkişafı, Qoşulmama Hərəkatında sədrliyi BMT Təhlükəsizlik Şurasına daimi üzv olmasını şərtləndirir: "Azərbaycan təkcə Cənubi Qafqazda deyil, Mərkəzi Asiya və Cənubi Şərqi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Orta Dəhlizin yaradılması və inkişafı məhz Azərbaycanın rolunu daha da artırır".

"Rəsmi Bakı ordu ilə müharibəni qazandı, diplomatiya ilə münaqişəni bitirdi"

44 günlük Vətən Müharibəsi bitdikdən, yəni 10 noyabr 2020-ci il tarixli bəyanat imzalandıqdan sonra Azərbaycan cəmiyyətinin iki hissəyə - qaliblər və məğlublara bölündüyünü deyən siyasi şərhçi Asif Nərimanlı isə bildirib ki, Prezident İlham Əliyev təkcə müharibəni yox, həm də 30 illik problemin müəllifinin – Rusiyanın əli ilə münaqişəni də qazandı: "O zaman, yəni 10 noyabr 2020-ci il tarixli bəyanat imzalandıqdan sonra xüsusilə Rusiya sülhməramlılarının bölgəyə gətirilməsi və Xankəndi, Xocalı, Xocavəndin adının açıqlanmaması əsas müzakirə mövzusu idi. Lakin İlham Əliyev ağlasığmaz planı ilə təkcə müharibəni yox, münaqişəni də qazandı, həm də 30 illik problemin müəllifinin – Rusiyanın əli ilə... Əgər o zaman Rusiya sülhməramlıları gəlməsəydi, müharibəni qazanacaqdıq, amma bitməyəcəkdi. Müharibənin bitməməsi azad olunan ərazilərə əhalinin qayıdışına mane olacaqdı. Bundan başqa, ermənilər Nikol Paşinyanı devirəcək və Rusiyanın dəstəyi ilə yeni hücumlar edəcəkdilər. Ən əsası isə müharibə bitsə də, münaqişə davam edəcəkdi. Ancaq rəsmi Bakı ordu ilə müharibəni qazandı, diplomatiya ilə münaqişəni bitirdi".

İlham Əliyevin Türkiyənin bölgəyə Azərbaycanın qarantı kimi daxil olmasını təmin etmək üçün incə və tarixi gedişi..

İlham Əliyevin ağlasığmaz planının detallarını açaqlayan siyasi şərhçinin sözlərinə görə, rəsmi Bakı Rusiyanın bölgəyə düşmən tərəfindən deyil, bizim tərəfimizdən və şərtlərimiz altına girməsini həyata keçirməklə Kremli neytrallaşdırdı: "Sülhməramlıların ruslar olması Ermənistanın kapitulyasiyaya imza atmasını şərtləndirən əsas amil idi. Bundan sonra Rusiya Ermənistanı münaqişəni yenidən başlanması üçün silahlandırmayacaqdı. Bununka həm də "Azərbaycan ermənilərə qətliam törətdi" təxribatının qarşısı alındı və beləliklə, münaqişəyə müəllifinin - Rusiyanın əli ilə son qoyuldu. Bu, ən mühüm məqamdır". Asif Nərimanlı qeyd edib ki, prosesin görünməyən tərəfinə, yəni İlham Əliyevin böyük oyununa baxdıqda, Rusiyanın əli ilə Minsk qrupunun digər iki üzvü – ABŞ və Fransanın oyundan kənarlaşdırıldığı aydın şəkildə görünür: "Rusiyanın özünü qalib hesab etməsinə şərait yaratmaq, "Bəli, Rusiya bölgədə hakimdir, biz bunu qəbul edirik" mesajı ABŞ və Fransanın oyundakənar buraxılması, Türkiyənin bölgəyə Azərbaycanın qarantı kimi daxil olmasını təmin etmək üçün incə, həm də tarixi gediş idi. Prezident İlham Əliyev Türkiyəni bölgəyə gətirmək, münaqişənin region ölkələri tərəfindən həll etmək üçün Rusiyaya hakim olduğunu göstərdi: sağı göstərib solu vurmaq kimi... Rusiya Qarabağda "Pirr qələbəsi" qazandığını sülhməramlılar bölgəyə girəndə anladı. Və bütün bunların fonunda Xankəndi, Xocalı və Xocavəndin adının açıqlanmaması da planın bir parçası idi. Nəhayət, 3 il sonra Azərbaycan münaqişəni həll etdi, erməni qoşunları tamamilə çıxarıldı və bu gün Xankəndi, Xocalı və Əsgəran qəsəbəsi, Xocavənd, Ağdərə artıq üçrəngli bayrağımızın – suverenliyimizin altındadır".

"Xarici siyasətdə, təhlükəsizlik siyasətində və milli kimlik formalaşdırılması sahəsində əldə olunan nəticələr möhtəşəmdir"

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı da bu qənaətdədir ki, hazırda Azərbaycanda xarici, təhlükəsizlik və milli kimlik siyasəti mümkün olan ən ağıllı şəkildə aparılır, uzunmüddətli strategiyaya əsaslanır və icra olunur: "Azərbaycanın uzun müddətdir davam edən xarici siyasətini, milli təhlükəsizlik siyasətini və milli kimlik siyasətini xarakterizə edə biləcək ən uğurlu ifadə bəlkə də budur: Ağıllı dövlət! Ölkəmizdə hər şey əladırmı? Əlbəttə ki, deyil. Çatışmazlıqlar, problemlər və s. əlbəttə ki, var. Amma xarici siyasət, təhlükəsizlik siyasəti və milli kimlik siyasəti mümkün olan ən ağıllı şəkildə aparılır, uzunmüddətli strategiyaya əsaslanır və icra olunur. Azərbaycan həyati mövzularda əsla reflekslərlə hərəkət etmir, təxribatlara uymur. Cənab prezidentin də qeyd etdiyi kimi, nəyi, nə vaxt, necə etmək lazımdırsa elə etməyə çalışır. Xarici siyasətdə, təhlükəsizlik siyasətində və milli kimlik formalaşdırılması sahəsində əldə olunan nəticələr möhtəşəmdir". Araz Aslanlı əlavə edib ki, yaxın tarixdə Azərbaycan miqyaslı dövlət üçün bənzər nümunə yoxdur: "Amma unutmayaq ki, hər möhtəşəm nəticə kimlərdəsə qısqanclıq, narahatçılıq yaradır. Bu o deməkdir ki, milli məsələlərdə birliyimizi daha da möhkəmləndirməliyik".

"Qarabağ dərdi ölkəmizin iqtisadi və mənəvi resurslarını durmadan yeyirdi, bəzən həqiqi səbəbə, bəzən bəhanə kimi"

Daha Qarabağ boyda dərdimizin olmadığını vurğulayan Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov Prezident İlham Əliyevin dürüst diplomatiyasının və bu diplomatiya ilə əlaqəli ordu işlərinin tarixi nəticəsinə hamı ilə birgə sevindiyini bildirib: "Xankəndinin mərkəzi meydanında Azərbaycan bayrağı yüksəldildi. Prezident İlham Əliyevin dürüst diplomatiyasının və bu diplomatiya ilə əlaqəli ordu işlərinin tarixi nəticəsinə bu axşam bir daha hamılıqla sevinirik. Daha Qarabağ boyda dərdimiz yoxdur! O dərd ölkəmizin iqtisadi və mənəvi resurslarını durmadan yeyirdi. Bəzən həqiqi səbəbə, bəzən bəhanə kimi. Dövlət və cəmiyyətimiz 1991-ci ildə yenidən doğulanda bu dərdlə birgə doğulmuşdu. Bərkidi və qalib gəldi. İndi azad ölkəyə yaraşan qanun-qayda əsasında, sərbəst yaşamağa haqqımız əvvəlkindən də çoxdur. Vətəndaşımızın bu haqqını bundan sonra tanımayanların işi asan olmayacaq. Hər kəsi bir daha təbrik edirəm!"

Vazeh BƏHRAMOĞLU