📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

SÖZÜN RƏNGİ - Fotolar

2026-10-01 11:40:54

SÖZÜN RƏNGİ - Fotolar

Həqiqətin bədii ifadəsinin iki ən geniş yayılmış forması var. Söz və rəng. O yerdə ki söz yetərsiz olur, onda rəng, rəng yetərsiz olanda söz imdada çatır. Çox az yaradıcı şəxsiyyət var ki, o, həm sözlə, həm rənglə öz qəlbinin diktə etdiklərini ifadə edir. Belə gənc istedadlardan biri Elvin Bağırlıdır. Elvin 1995-ci ildə Bakıda Zəngilanlı qaçqın ailəsində dünyaya göz açıb. Bakıda yaşasa da, qaçqınlıq həyatının hər üzünü görüb.
Haşiyə çıxım ki, əslində qaçqınlar xüsusi sosial qrup təşkil edir. Bu qrup əhalinin digər hissəsindən çox ciddi şəkildə fərqlənir. Təəssüf ki, Azərbaycanda qaçqınlığın elmi və sistemli öyrənilməsi sahəsində heç bir addım atılmayıb. Qaçqın psixologiyası, qaçqın dünyagörüşü, qaçqının sosial kimliyi ilə bağlı elmi tədqiqatlar aparılmayıb. Buna görə bir çox hallarda qaçqınlar yerli əhali tərəfindən birmənalı anlaşılmayıb, qarşılanmayıb və buna görə də qəbul edilməyib. Hətta qaçqınlarla qaçqın olmayanlar bir-birinə antaqonist siniflərə xas münasibət göstərib. Nəticədə qaçqın qruplar ikiqat ədalətsizliklərlə - bir düşmənin, bir də özününkülərin ədalətsizlikləri ilə üzləşiblər. Şəxsi həyatlarında da qaçqınlar digərlərindən fərqli talelər yaşayıblar. Qaçqın olmayanlar kimi sevməkdə və sevilməkdə çox vaxt bəxtləri gətirməyib. Qaçqın istedadlar qaçqın problemlərinin içində görünməz olublar. Gündəlik həyat qayğıları onlara öz istedadlarını üzə çıxarmağa imkan verməyib. Yataqxana həyatı, qaçqın olmayanların qınağı, məmurların ədalətsizliyi onlara başqa gənclər kimi qayğısız böyüməsinə imkan verməyib. Bunlar qaçqınlar subkulturası təşkil ediblər.


Qaçqınlığın psixoloji durumu, həyat fəlsəfəsi, yaşamaq uğrunda apardıqları mübarizə forması, özünə, millətinə, vətəninə, dünyaya baxışı, təbii insani hisslərin necə transformasiyalara məruz qalması ilə bağlı biz heç nə bilmirik. Halbuki Azərbaycan əhalisinin bir milyona yaxını 30 il ardıcıl olaraq qaçqın həyatı yaşamış, bəziləri qaçqın kimi doğulmuş, bəziləri qaçqın kimi sevmiş, sevilmiş, bəziləri qaçqın kimi ölmüşdür. Hansı millətdən asılı olmayaraq qaçqın insanlar qaçqın olmayanlardan kinə və məhəbbətinə, ədalətinə və zülmünə, sevincinə və kədərinə, xoşbəxtliyinə və bədbəxtliyinə görə fərqlənir. Qaçqınlıq bir Demokl qılıncı kimi qaçqın insanın üzərindən asılı qalır, hər an aşağı enib qaçqının ümidlərini, həyat bağlarını, insani istəklərini kəsə bilir. Ona cəmiyyətdə layiq olduğu yeri tutmağa imkan vermir. Nəticədə qaçqın başqalarından qeyri-bərabər vəziyyətə düşür.


Artıq Azərbaycan əraziləri azad olunub. İndi qaçqın insanlarımız yoxdur. Amma hələ uzun illər qaçqın olanların psixologiyasında, dünyagörüşündə qaçqınlıq öz izlərini yaşadacaqdır. Bu baxımdan qaçqınlara xüsusi sosial qrup kimi baxmaq, onları anlamaq, başa düşmək lazımdır. Qaçqın hamı kimi düşünmür, hamı kimi ümid etmir, hamı kimi sevmir-sevilmir. Qaçqınlıq əlavə bir yük kimi qaçqının belini bükür, ona həyat uğrunda başqaları ilə bərabər əsasda mübarizə aparmağa imkan vermir. Qaçqınlar qaçqınlığın kölgəsində görünməz olurlar. Onlar öz istedadlarından, ağıllarından başqaları kimi azad və problemsiz istifadə edə bilmirlər. Qaçqınlar yetim uşaqlar kimidir. Onların qayğıya, məhəbbətə, diqqətə, yardıma böyük ehtiyacları var. Həyat bir sınaq kimidir, zəiflər bu sınaqdan keçə bilmir, güclülər bu sınağı keçib özlərini təsdiq edə bilirlər.


Elvin Bağırlı belə gənclərdəndir. Çətinliklə də olsa, qeyri-bərabər şəraitdə öz istedadının gücü ilə özünü təsdiq etməyə cəhd edib. Əvvəl öz qəlbinin səsini rənglərlə ifadə etməyə başlayıb. Çoxlu bir-birindən maraqlı rəsm əsərləri ortaya qoyub. Nəticədə pis olmayıb. Dəfələrlə respublika gənc rəssamların sərgilərində birinci yeri tutub, bununla da sənət aləminə təsadüfən gəlmədiyini sübut edib. Elvin özünütəsdiq üçün rəngin kifayət etmədiyini hiss etdikdə sözün gücünə əl atmağa, bu sahədə də bəxtini sınamağa cəhd edib və bir-birindən maraqlı şeirlər yazıb. Hətta bəzi şeirlərinə musiqi də bəstələyir. Elvinin şeirləri istedadın təmannasızlıq və bakirəlik, istedadın cilalanmamış dövrünün nümunələrindəndir. O, öz şeirlərində qafiyə xatirinə söz axtarmır, əksinə, söz xatirinə qafiyə tapır. Elvin şeirləri rənglidir. O, özü də bilmədən rəng duyğusunu söz tapıntısı formasında ifadə edir. Elvinin şeirlərində pessimizm güclüdür. Bu, onun qaçqın taleyi yaşamasının yaradıcılığında əks-sədası kimi görünür. Biz burada Elvinin bəzi şeirlərinin rəngi haqqında qısa şərh yazıb, sonra onu oxucunun mühakiməsinə vermək istəyirik. Qoy oxucu özü bu gənc istedadın qiymətini versin.


Elvin gənc rəssam kimi hər bir sözündə özünə xas rəngi olduğu ilk baxışdan açıq şəkildə görünür. Yaradıcılığın mexanizmlərinin məşhur tədqiqatçısı, dünyaca ünlü Edvard de Bono öz tədqiqatlarında düşüncə formalarının rənglərlə əlaqəsi ilə bağlı yazdığı “Düşüncənin altı şlyapası” kitabında yazır: “Ruhdan düşmüş vəziyyətdə olan çoxlu insan qeyd etmişlər ki, bu zaman onların ağlına gələn fikir, əhval-ruhiyyələrinin yüksək olduğu vaxta xas fikirlərdən prinsipial olaraq fərqlənir... bizim emosiyalar düşüncəmizin ayrılmaz hissəsidir”.


 

Elvinin düşüncə rəngi qırmızıdır. Bono yazır ki, əgər hisslər və emosiyalara “birbaşa əlçatanlıq bağlıdırsa”, onda onlar bizim düşüncəmizə dolayı yolla təsir edəcək. Qaçqınlıq da hiss və emosiyaların düşüncəyə təsir yolunda böyük əngəl təşkil edərək onların qaçqının düşüncəsinə birbaşa çatmaq yolunu bağladığından, yaradıcı şəxs dolayı yolla onların təsirinə məruz qalır. Biz bunu Elvinin bütün şeirlərində açıq şəkildə görürük.


Onun düşüncə rəngi hisslərinin xaricə fontan verməsinə səbəb olur və o, çox vaxt ağılın səsinə qulaq asmır. Onun şeirlərinin rəngi həm də gəncliyi ilə bağlıdır. Mimmi Kuper və Arlin Metyuzun birgə yazdıqları “Rənglərin dili” kitabında qırmızı, sarı və yaşıl rəngin insanların gəncliyi ilə bağlı olduğunu təsdiq edirlər. Onlara görə qırmızı rəng məhəbbət və hiddətlə bağlıdır. Qırmızı rəng əsas istilik, hərarət rəngidir. Bu rəng təhlükə haqqında siqnal verir və bu təhlükəni qarşılamağa hazırlığı bildirir. Biz bütün bunları Elvinin şeirlərində görməyi oxucunun öhdəsinə buraxırıq. Oxucu onun şeirlərində həm nakam məhəbbəti, həm atılmağın hiddətini, həm də emosiyaların xaricə fontan vurmasını və bu zaman ənənəvi ədəbiyyatın sərhədlərini dağıtdığının şahidi olacaq.

Hiddət...
Ayrılıq
Kin tuta bilmədim sənə gedəndə
Bir güllə saxladım başa atmağa (sıxmağa)
Saxla sevgimizin yasını sən də
Bir qara şal toxu, başa atmağa
Keçdi xoşbəxtliyin havası bizdən,
Hərdən yada düşür xatirən üzdən
Sən pərdə asırdın (asanda) pəncərənizdən
Mən məktub bükürdüm daşa atmağa
Məni unutmağın çətin olmadı
Gözümün qarasını yedin-olmadı ()
Dedin “alınmadı”, dedin “olmadı”,
Əlində duz yoxmuş aşa atmağa
Eh... sən də oynadın mənimlə sən də!
Uddun bu yazığı bəxti küsəndə
Sümüyün tullama, ətin yesən də
Bəlkə zər düzəltdin qoşa atmağa
İndi məktub deyil cibimdən düşən
Ürək dərmanıdır - sap-sarı, dən-dən
Onu da ovcuma yığıram hərdən
Sinəmdə şirpinan quşa atmağa
25.11.2025


Görmədin
Görməzlikdən sən gəldin məni
Harda gördün, görmədin
Bəlkə səni aldatdığım
Yerdə gördün? Görmədin!
Hara baxdın, orda oldum
Dayandım göz önündə
Gözlərinin düz önündə
Pərdə gördün, görmədin?!
Nə qədər varam, sev məni,
Sev ki, bir gün olmaram
Bir də gördün, bu gün varam
Bir də gördün, görmədin.


Dərd çəkən rəssam

Bu can daha mənim deyil,
Bir gülərüz həkimindir
Özüm xəstə, dostlarım yox
Kimin dərdini çəkim indi
Mən şaxtalı tutqun qışam
Öz ömrümdə dayanmışam
Dərd çəkməyə yaranmışam
Kimin dərdini çəkim indi
Çiy görünür gözə bişmiş
Xoşbəxtlik bir göstərişmiş
Rəssam olmaq çətin işmiş
Kimin dərdini çəkim indi
2016


Nağıl
Əvvəl hər şey gözəl idi
Hər dərədən gün çıxırdı
Həyatımda görmədiyim
Yuxularım cin çıxırdı
Sonra hər şey nağıl oldu
Qazanlarda div bişirdi
Gah göydən alma düşürdü
Gah çıraqdan cin çıxırdı
Gözlərindən su axanda
Ürəyimə dərs verirdim
Ağ yuyub qara sərirdim
Əlçim-əlçim kin çıxırdı
Sonra quşlar dostum oldu
Saçımda dən, cibimdə dən,
Pəncəyimin (paltarımın) ciblərindən
Ovuc-ovuc dən çıxırdı
Sən gəlinlik geyinəndə
Qoyuldum tabuta mən də
Bir qapıdan sən girəndə
Bir qapıdan mən çıxırdım
2025


Hardasa
Bilmirəm varlığın ha tərəfdədi
Bir lal xatirən var, bizim evdədi
Baxışıb susuruq neçə həftədi
Mən də onun kimi lalam hardasa
İlahi, bu dərdi gözümdən elə
Bezdim qələmimdən, sözümdən elə
Elə uzaq düşdüm özümdən elə
Elə bil bir uzun yolam hardasa
Kaş ki, yuxu olsun bu həsrət, zülüm
Kaş yenə yanında xoş ömür sürüm
Bir gün bu yuxudan oyanım, görüm
Yenə yazmısan ki, “Salam, hardasan?” (haqlısan, hardasa)
2021