Spirtli içki asılılığını azaldan maddə aşkar edildi
Hurriyyet.az xəbər verir ki, “Bild” nəşrinin yazdığına görə, İsveç tədqiqatçıları semaqlutid adlı dərman vasitəsinin qeyri-adi yan təsirini aşkar ediblər. Semaqlutid piylənmədən və şəkər xəstəliyindən əziyyət çəkən xəstələrin qəbul elədiyi bir çox dərman preparatlarının tərkib hissəsində olur, adətən həftədə bir dəfə dəri altına daxil edilir, yaxud da həb şəkildə qəbul edilir.
“eBioMedicine” elmi jurnalında dərc edilən məqalədə deyilir ki, alkoqol asılılığı yaradılmış təcrübə siçanlarına bu preparatın vurulmasından sonra onların spirtli içki qəbulu xeyli (təqribən 50%) azalıb. Höteborq Universitetinin farmakologiya üzrə professoru Elizabet Cerlxaq insanlarl aheyvanların üzərində araşdırmaların aparılmasında xeyli fərq olduğunu etiraf etməklə yanaşı, qeyd edib ki, diabet müalicəsi zamanı istifadə edilən, semaqlutidlə analoji təsirə malik preparatların araşdırılması zamanı da insanların alkoqol istehlakının azalması müşahidə edilib.
Araşdırmaçıların fikrincə, semaqlutid həm də digər asılılıqların – məsələn, nikotin, kokain və tiryək asılılıqlarının müalicəsində faydalı ola bilər.
Hürr Tərcüman